Cənubi Koreya şimali koreyalıları sərbəst buraxır

Cənubi Koreya ölkənin su hüdudlarına daxil olan 7 şimali koreyalını sərbəst buraxmağa qərar verib. Birləşmə Nazirliyinin sözçüsü Li Conq-Cunun sözlərinə görə, şimali koreyalılar evlərinə qayıtmaq istədiklərini bildiriblər. O, deyib ki, nəzarət altına alınanlar sabah qısa müddətdə evlərinə göndəriləcək. Kiçik qayıqda üzən 7 şimali koreyalı Sarı dənizin mübahisəli sərhədini keçəndən sonra Cənubi Koreyanın sərhəd mühafizəçiləri tərəfindən nəzarət altına alınıb. İnsident həssas bir vaxtda baş verib. Belə ki, dünən Şimali Koreya sərhəd sularını “Atəş zonası” elan etmiş və Cənubi Koreyaya ordusunu oradan uzaq saxlaması barədə xəbərdarlıq etmişdi.