Çin və Cənubi Koreya Pxenyanın nüvə proqramı ilə bağlı səyləri artıracaqlar

Çin və Cənubi Koreya Şimali Koreyanın nüvə proqramına dair mübahisənin həlli yönümündə səylərini artıracaqlarına söz veriblər. İki qonşu Asiya dövlətinin bu vədi Cənubi Koreya prezidenti Li Myunq-Bakla Çin vitse-prezidenti Şi Cinpinq arasında Seul danışıqlarından sonra açıqlanıb. Cənab Linin ofisinin açıqladığı bəyanatda deyilir ki, Cənubi Koreya prezidenti Pxenyanın nüvə proqramının dayandırılması məsələsində Pekinin 2010-cu ildə öz rolunu artıracağına ümid edir. Çin Şimali Koreyanın ən böyük müttəfiqi və ticarət tərəfdaşıdır.