Azərbaycanda Amerika Sülh Korpusunun könüllüləri and içib

Bu gün Azərbaycanın Sumqayıt şəhərində ABŞ-ın Sülh Korpusunun könüllülərinin yeddinci qrupu and içıb. And içən 64 yeni təlimçi ölkənin 32 rayonunda icmanın iqtisadi inkişafı, gənclərin inkişafı və ingilis dilinin tədrisi proqramları üzrə fəaliyyətə başlayacaq.
Təşkilatın Azərbaycan üzrə nümayəndəsi Meredit Dalton bildirib ki, Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyətə başlayıb və indiyədək ölkəyə yeddi qrupun tərkibində 325 könüllü gəlib. “Həyat insanın yaradıcılığının məhsuludur. Əminəm ki, könüllülər Amerika və Azərbaycan xalqlarının dostluğuna xidmət edəcək”, - deyə o qeyd edib.
Amerika səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu könüllülərin Azərbaycanda qonaqpərvərliklə qarşılandığını deyib. “Azərbaycanda misli görünməmiş qonaqpərvərlik və dostluq var”.
Cənab Lu eyni zamanda, Sülh Korpusunun təlimçilərini xalqlar və mədəniyyətlərarası dialoqun vasitəçiləri hesab edir.
Sülh Korpusunun könüllüləri isə Azərbaycanda hər hansı ciddi problemlərlə qarşılaşmadığını deyib. Onlar müxtəlif bölgələrdə təlimlər keçir və yerli əhali ilə ünsiyyətdən məmnundur.