Birləşmiş Ştatların Dövlət katibi və Müdafiə nazirliyinin yüksək səviyyəli rəsmiləri ABŞ Konqresində prezident Barak Obamanın Əfqanıstanda yeni strategiyası ilə bağlı qanunvericilərin suallarına cavab verməyə davam edirlər.
Konqres gələn il strategiya üçün əlavə 30 milyard dollar ayrılmasını təsdiq etməlidir.
Müdafiə naziri Robert Geyts və Dövlət katibi Hillari Klinton və ABŞ-ın Birgə Qərargahlar rəisi Maykl Mullen Senatın heyətinə bildiriblər ki, yeni strategiya talibanın geriyə çəkilməsi və əfqan təhlükəsizlik qüvvələrinin qabiliyyətinin artmasına xidmət edəcək.
Senatın Xarici Əlaqələr komitəsinin sədri demokrat senator Con Kerri Amerika hərbi qüvvələrilə tərəfdaşlıq etmək üçün kifayət qədər əfqan əsgərinin olub-olmaması ilə bağlı narahatlığını bildirib.
Komitədə nüfuzlu respublikaçı senator Riçard Luqar bildirib ki, belə
böyük xərclərə tələb edən missiyanın milli təhlükəsizlik maraqları üçün nə
dərəcədə mühüm olub-olmaması məsələsilə bağlı daha artıq müzakirələr
keçirilməlidir. O deyib ki, əsgərlərin
sayının artırılmasının Taliban və Əl-Qaidənin Pakistanda sığınacaq tapması
probleminin həllinə göstərdiyi təsir aydın deyil.