Azərbaycanda 2224 HİV daşıyıcısı qeydiyyatdadır

Bu gün Bakıda Ümumdünya AİDS-lə Mübarizə gününə həsr olunmuş mətbuat konfransında Azərbaycanda AİDS-ə yoluxma və bu xəstəliyə qarşı görülən tədbirlərdən danışılıb.
BMT-nin HİV/AİDS üzrə Birgə Proqramı və Azərbaycan Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi birgə konfransda bildirilib ki, Azərbaycanda HİV-ə yoluxma aşağı səviyyədədir, yoluxma əsasən ineksiya və cinsi yollarla baş verir.
“Hazırda HİV-lə yaşayan və infeksiya riski daha böyük olan əhali arasında ayrı-seçkilik qismən də olsa məhdudlaşıb. HİV-ə qarşı mübarizə proqramının nəticələrini gücləndirmək məqsədilə BMT-nin HİV-ə dair proqramı 2009-2011-ci illərdə də Azərbaycanda prioritet olan sahələrdə çalışacaq”, - deyə BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının Azərbaycandakı nümayəndəsi Cəmilə Cərrahova bildirib.
Bu ilin 11 ayı ərzində 410 nəfərin HİV-ə yoluxduğu müəyyən edilib. Onların 395 nəfəri Azərbaycan vətəndaşıdır. QİÇS-ə Qarşı Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirovanın dediyinə görə, ümumilikdə 1987-ci ildən 2009-cu il dekabrın 1-dək ölkədə HİV ineksiyası təsdiq edilmiş 2224 nəfər rəsmi qeydiyyata götürülüb. “Onlardan 2138 nəfəri Azərbaycan vətəndaşı, 86 nəfəri əcnəbidir. Azərbaycan vətəndaşlarının 1799 nəfəri kişi, 339 nəfəri qadındır. AİDS mərhələsində olan vətəndaşıların sayı 448 nəfər, dünyasını dəyişmişlər isə 275 nəfərdir”.
Direktor bildirib ki, 2138 Azərbaycan vətəndaşından 1376 nəfərə (64,4 %) ineksion narkotik istifadəsi, 495 nəfərə (23,2%) heteroseksual, 16 nəfərə homoseksual əlaqə, 20 nəfərə anadan uşağa keçmə, 1 nəfərə donor qanı köçürülmə, 230 nəfərə isə yoluxma vasitəsi ilə HİV keçib.
Xanım Qədirova HİV daşıyıcılarının 33,4 faizinin məhbus olarkən yoluxduğunu deyib. “Həbsdə olarkən yoluxma halları əsasən ineksion narkotik istifadəsi ilə bağlıdır”.
O, HİV xəstələrinin 23 faizinin başqa ölkələrdə bu virusa yoluxduğunu bildirib. “Onların 92 faizi Rusiyada yoluxub. Sonra isə Ukrayna və digər ölkələrdə yoluxanlar gəlir”.