Bu gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür. 1988-ci ildə Kompyuter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan edib. həmin ilin noyabrında minlərlə internet qovşağını sıradan çıxaran ilk kompyuter virusu meydana gəlib. Morris «soxulcanı» adlandırılan bu virus 100 milyon dollardan çox ziyan vurub. Hazırda informasiya təhlükəsizliyi bir ölkəni yox, bütövlükdə dünyanı təhdid edən problemə çevrilib.
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin formalaşdırılması məqsədi ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Elektron sənəd və elektron imza haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında” qanunlar qəbul edilib.
İnformasiya texnologiyaları mütəxəssis Emin Axundov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycanda informasiyaların təhlükəsizliyi ilə bağlı qanunvericilik bazası var. “Ancaq təhlükələrə birgə cavab vermək üçün məlumatın ötürülməsi və cavab vermə sistemi olmalıdır. Bunlar isə hələ formalaşdırılmayıb”.
Mütəxəssisin dediyinə görə, Azərbaycanın əksər saytları xaricdə yerləşir. “Saytların təhlükəsizliyi inzibatçılıqla bağlı olur. Bunlar isə hostinq şirkətlərinin xidmətlərinin, xidmətlərdən əvvəlki sistemlərin və proqramların təhlükəsizliyi ilə bağlıdır”.
Cənab Axundovun fikrincə, Azərbaycan saytlarına hücumlar əsasən proqram tərəfdən olur. “Belə ki, xakerlər kodların zəif tərəfini tapır və onların işləməsini dayandırır”.
Ekspert şəxsi informasiyaların və yazışmaların məxfiliyinin bir çox hallarda sual altında olduğunu deyir. “Bu informasiyaların məxfiliyinin qorunmasına istər beynəlxalq, istərsə də yerli səviyyədə şübhələr var. Hətta beynəlxalq şəbəkələr belə, səhifəyə informasiyaların məzmununa uyğun reklam yerləşdirir”, - deyə o qeyd edib.
Cənab Axundov bəzi hallarda geniş informasiya tutumlu şəbəkələrin təhlükəsizlik orqanları ilə bağlı olduğunu da düşünür.