Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir

Dünən Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub. Fransa konsulunun iqamətgahında keçirilən danışıqlarda, həmçinin hər iki ölkənin xarici işlər naziri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.
Tərəflər mətbuat üçün heç bir açıqlama verməyib. Görüşdən bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu görüş “həlledici” olacaq, belə ki, bu il artıq “bir neçə görüş” olub, amma onlar heç bir nəticə verməyib. Prezident eyni zamanda bildirib ki, danışıqlar prosesi sonsuz ola bilməz. Dövlət başçısı münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlar tükənərsə, problemin hərbi yolla həllini də istisna etməyib.
Danışıqların yekunu olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edib. “Bu il sayca altıncı olan bu görüşdə iki ölkə prezidenti həmsədrlərin təkliflərinin ən mühüm və həll edilməmiş bəndlərini müfəssəl və dərindən müzakirə edib. Danışıqlar, demək olar ki, 4 saat davam edib və konstruktiv şəraitdə keçib. Bəzi məsələlərdə irəliləyiş əldə olunub. Eyni zamanda, bir sıra məsələlər hələ də açıq olaraq qalmaqdadır.
Prezidentlər öz ölkələrinin xarici işlər nazirlərinə həmsədrlərlə bu məsələlər üzrə işi davam etdirməyi tapşırıblar. Növbəti addım kimi həmsədrlər ATƏT-in Nazirlər Şurasının iclası ərəfəsində hər iki nazirin iştirakı ilə işgüzar iclas təşkil etmək niyətindədirlər”, deyə bəyanatda qeyd edilir.
İki ölkə prezidentinin görüşü Azərbaycanda müxtəlif reaksiyalara səbəb olub. Belə ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının sinxron şəkildə baş verməsi ideyası yerli müzakirələrdə daha çox yer alır. Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun fikrincə, Türkiyə - Ermənistan sərhədlərinin açılması münaqişə ilə bağlı sazişdən sonra baş verə bilər. Əks halda, Ermənistan mövqeyindən geri çəkilməyəcək.
Politoloq İlqar Məmmədov hesab edir ki, Türkiyənin diplomatik fəaliyyəti nəticəsində danışıqlardan müsbət nəticələr gözlənilirdi, amma bu baş vermədi.
Politoloq Rasim Musabəyov isə danışıqlarda ciddi tərəqqidən danışmağın tez olduğunu deyir. Onun fikrincə, münaqişə ilə bağlı çoxsaylı problemlər həll olunmamış qalmaqdadır.
Politoloq eyni zamanda, iki ölkə prezidentinin görüşləri zamanı Ermənistan Ordusunun Dağlıq Qarabağda təlimlər keçirməsinin tərəqqiyə işarə olmadığını deyir. “Bu güc nümayişidir”.
Yeri gəlmişkən bildirək ki, Ermənistan-Azərbaycan cəbhəsində atışmalar davam edir. Dünən də, cəbhənin müxtəlif istiqamətlərində atışma olub. Yerli mətbuatın yazdığına görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olan gün Ermənistan Silahlı Qüvvələrinin snayper atəşi ilə Azərbaycanın Goranboy rayonunun cəbhə bölgəsində yerləşən Tap Qaraqoyunlu kəndinin 41 yaşlı sakini, mülki şəxs Saday Qəhrəmanov həlak olub.