İranda islahatçı məhkum edildikdən sonra zaminə buraxıldı

İran hökuməti aparıcı islahatçı lideri bu ilin prezident seçkiləri zamanı iğtişaşlar təşkil etməkdə ittiham edərək onu 6 illik həbs cəzasına məhkum etdikdən sonra zaminə buraxıb. Rəsmi İRNA xəbər agentliyi Tehran prokuroruna istinad edərək bildirir ki, sabiq vitse prezident Məhəmməd Əli Abtahi 700 min dollar girov qoyaraq appelyasiya dövründə azadlığa buraxılıb. Qanun ona appelyasiya məhkəməsinə müraciət etmək üçün 20 gün vaxt verib. İran məhkəməsi Abtahini rejimə qarşı təbliğat yaymaqda və iyunun 12-si keçirilən prezident seçkilərinin ardınca vüsət alan qeyri-qanuni nümayişlərdə iştirak etməkdə günahkar bilib. Səsvermədən bir neçə gün sonra Abtahi həbs edilmişdi. Deyilənlərə görə o, etiraz aksiyalarında iştirak etməsindən peşmançılığını izhar edib, lakin ailə üzvləri bu açıqlamanın ondan təzyiq altında alındığını bildirir.