Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik

Bakıda “Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Prezident Administrasiyası və Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq institutunun (İİSS) birgə layihəsi çərçivəsində keçirilən forumda Con Hopkins, Hamburq, Tehran, Türkiyə universitetlərinin, Belçikanın Avropa Beynəlxalq Münasibətlər, Fransanın Avropa İttifaqı, Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq institutlarının, Ceymstaun, Heritage, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondlarının, ABŞ Atlantik Şurasının Avrasiya Enerji, Moskva Dövlət Beynəlxalq Münasibətlər institutu nəzdində Post Sovet Araşdırmalar mərkəzlərinin ekspertləri, Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri, Milli Məclisin deputatları, politoloqlar iştirak edib.
Tədbirdə Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllinin yeni istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Şərq-Qərb enerji dəhlizi çağırışları, enerji layihələrinin bölgədə təhlükəsizliyə təsirləri, Avropaya inteqrasiya, region dövlətlərinin əməkdaşlıq perspektivləri və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.
Ekspertlər beynəlxalq güclərin Cənubi Qafqazdakı münaqişələrə münasibətinin dəyişməsinin vaxtını çatdığını bildirib. Bir çox çıxışlarda dünya güclərinin münaqişə tərəflərinə eyni mövqedən yanaşması tənqid edilib. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub. İşğal faktı baş verib. İşğalçı dövlətə münasibət fərqli olmalı, beynəlxalq hüququn gücü tətbiq edilməlidir”, - deyə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd edib.
Müzakirələrdə beynəlxalq güclərin Cənubi Qafqazı öz təsiri altına salma uğrunda yarışı, Amerikanın Cənubi Qafqazdakı münaqişələrlə bağlı mövqeyi, erməni diasporunun Amerika siyasətinə təsiri, ATƏT-in Minsk qrupunun fəaliyyəti, regiondakı münaqişələrə beynəlxalq hüququn tətbiq edilməməsi bütün çıxışlarda tənqid edilib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə sensasiyalı bəyanatları ilə yadda qalıb. O Amerikanın xarici siyasətinə erməni lobbisinin təsirinə münasibət bildirib. “Doğrudan da beynəlxalq hüquq Ermənistanın əlində qalıb? Minsk qrupu 18 ildir heç nə edə bilmir. ABŞ siyasəti erməni diasporundan asılıdır? Doğrudan da Amerika siyasəti erməni diasporundan asılıdırsa, bu gülünc görünür”.
Cənab Əsgərov ironiya ilə deyib ki, artıq beynəlxalq hüquq dərslik kitabları üçündür. “Bu gün dünyada Amerikanın gücünə salam verirlər. Beynəlxalq hüquq işləmir, o gücə salam verir”, - deyə birinci vitse-spiker BMT-nin erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməməsinə işarə edib.
Ekspertlər regiondakı münaqişələrin həlli ilə bağlı beynəlxalq ictimaiyyətə daha çox güvənməyi əbəs hesab edir. Belə ki, çıxışlarda qeyd olunub ki, Azərbaycan və Gürcüstan daha çox beynəlxalq ictimaiyyətin gücünə ümid bəsləyib, beynəlxalq güclərin, Amerika, Rusiya və Avropa İttifaqının gündəliyində isə Cənubi Qafqaz münaqişələri heç zaman başlıca yer tutmayıb. “Dünya güclərinin Cənubi Qafqaza nəzarət uğrunda mübarizəsi bu münaqişələrdə status-kvotaları çoxaldıb və bu de-faktolar Rusiya-Gürcüstan müharibəsindən sonra məsələnin aktuallığını artırıb. Amma buradakı münaqişələrə münasibət dünyadakı digər münaqişələrdən fərqlidir. Çünki indiyədək nə Ermənistan, nə də Rusiyaya sanksiyalar tətbiq edilməyib”, - deyə Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun baş elmi işçisi Oksana Antonenko bildirib.
Beynəlxalq ekspertlər regionda müharibə çağırışlarına da diqqət çəkib. Onların fikrincə, Kosovoya münasibət region ictimaiyyətində beynəlxalq hüquqa inamsızlıq yaradıb. Cənubi Osetiya müharibəsi isə sülhün tezliklə olacağına ümidləri heçə endirib. Tərəflər sülhü yox, sülhə aparan yolu seçməlidir. Konfransın gedişində də hərbi gücə üstünlük verən çıxışlar səslənib. “Problemi beynəlxalq hüquq deyil, Azərbaycan ordusu, Azərbaycan xalqı həll edəcək”,- deyə birinci vitse-spiker Ziyafət Əsgərov bəyan edib.
Rusiyanın regiona təsirlərindən danışılarkən qeyd edilib ki, Abxaziya və Cənubi Osetiya münaqişəsində Rusiya artıq münaqişə tərəfinə çevrilib. “Rusiya siyasəti ilə Cənubi Qafqazın Avropaya inteqrasiya meyləri ziddiyyət təşkil edir. Bu səbəbdən də Cənubi Qafqaz münaqişələrinin həlli ilə bağlı yeni antiböhran mexanizmləri işlənməlidir”, - deyə Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi Arçil Qeqeşidze bildirib.
Konfransda Amerika prezident Barak Obamanın mövqeyi də tənqidlə qarşılanıb. “Prezident Obama o vaxt erməni soyqırımını tanıyacağı ilə bağlı çox qeyri-müdrik vəd verib. Hazırda isə bu vədi yerinə yetirə bilmir. Çünki bu, Türkiyə ilə münasibətlərin pozulmasıdır. Bu səbəbdən hazırda Obama aprel ayını gözləyir ki, ermənilərə Türkiyə ilə sərhədlərin açılmasını desin”, deyə Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor qeyd edib.
Ekspert hesab edir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması sinxron təşkil etməlidir. “Bu proseslər bir-birini tamamlamalıdır. Amma hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması reallıq, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması isə vəd xarakteri daşıyır. Burada hadisələrin sinxron davam etməsi Türkiyədən də çox asılıdır. İndi Türkiyə baş nazirinin müxtəlif auditoriyalarda çıxışları fərqlidir. Türkiyə tərəfinin bəyanatları bütün auditoriyalar üçün şəffaf olmalıdır. Bu da realdır ki, Türkiyə ictimai fikrinə Azərbaycanın təsirləri böyükdür və ictimai fikir rəsmi hakimiyyətlə ziddiyyət təşkil edir”.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerika tarixindən misallar çəkərək Amerikaya ədalətli olmağı işarə edib. “Hazırda diplomatiya və xarici siyasətlərdə də qlobal böhran yaşanır. Çünki beynəlxalq hüquq tətbiq edilmir. Beynəlxalq hüquq nəhayətdə Ermənistan Azərbaycan münaqişəsində özünü göstərməlidir”, - deyə o bildirib.
Cənab Məmmədovun nitqinin motivində Azərbaycanın qərblə münasibətlərdə səmimiliyi və qərbin əksinə, münaqişə ilə bağlı ikili mövqeyi durub. “Azərbaycanın qərblə əməkdaşlığının səmimiliyinin sübutu üçün yalnız bir neft kəmərinin çəkilməsində mövqeyi bəs edir. Amma,1992-ci ildə Amerika Konqresi Azərbaycana qarşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz 907-ci düzəlişi qəbul edib, Azərbaycan ABŞ-ın dövlət yardımlarından məhrum edilib, Ermənistan isə 2,5 mlrd dollar dövlət yardımı alıb. 2008-ci ilin avqust böhranında Azərbaycana 1 mlrd dolardan çox ziyan dəyib, amma dünya birliyi Ermənistana yardımla bağlı qərar verib, Azərbaycanın adı belə çəkilməyib. Bu ilin oktyabrında Sürixdə Türkiyə-Ermənistan protokolu imzalanarkən 6 ölkənin xarici işlər nazirləri dəvət edilmədən təşrif buyurub və tərəflərdən 5-6 saat xahiş edib. Amma Dağlıq Qarabaş münaqişəsi ilə bağlı bir dəfə də belə toplantı olmayıb”, - deyə o fikrini izah edib.
Cənab Məmmədov Azərbaycanın qərbə inteqrasiyasının bundan sonra davam edəcəyini desə də, “mərdi qova-qova namərd etməzlər” misalını da yada salıb.
Onun dediyinə görə, qərb mətbuatı son aylarda bloqçu probleminə daha çox diqqət ayırıb nəinki illər ərzində Dağlıq Qarabağ problemindən yazıb. “Mən təhlil aparmışam. Qərb mətbuatı son aylarda bloqçular barədə yazdığı məqalələr, neçə illər ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələrdən dəfələrlə çoxdur”, - deyə o qeyd edib.