Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq

Harayın qonağı Cəmil Həsənlidir. O Azərbaycan Milli Məclisinin deputatıdır. Cəmil Həsənli tarix elmləri doktorudur. Çoxsaylı kitabların və monoqrafiyaların müəllifidir. Tarixçi-alimin soyuq müharibə illərinin tədqiqi əks olunmuş əsərləri ingilis, rus, fars dillərində nəşr olunub. Cəmil Həsənli Cənubi Azərbaycanda milli haqları uğrunda mübarizə aparan insanların həbsi, təqiblərə və təzyiqlərə məruz qalmasının Azərbaycan Respublikasının ictimaiyyəti tərəfindən pisləndiyini bildirir. Onun dediyinə görə, Azərbaycandakı ictimai təşkilatlar, hüquq müdafiəçiləri bir qayda olaraq İranda insan haqlarının pozulması ilə bağlı bəyanatlar yayır.

Sual: Azərbaycan İran münasibətlərində İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi vəziyyətini necə qiymətləndirirsiz?

Cavab: Biz deyə bilmərik dövlət bu işlərə müdaxilə edir, qarışır. Amma içtimaiyyətin münasibəti baxımından bu məsələlər diqqət mərkəzində saxlanılır. Xüsusilə son zamanlar çoxsaylı insanın həbs edilməsi narahatlıq doğuran məqamdır. Cənubi Azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan insanlarla sərt rəftar edilməsi hətta həbs yerlərində onların incidilməsi faktları var ki, bütün bunlar da, Azərbaycanda ictimaiyyət tərəfindən, hüquq müdafiə təşkilatları tərəfindən diqqət mərkəzində saxlanılır.

Sual: Siz həm də Azərbaycan parlamentinin deputatısınız. Parlament səviyyəsində İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə sizin münasibətiniz necədir? Parlamentdə ümumiyyətlə bununla bağlı məsələlər qaldırılırmı?

Cavab: Əlbəttə, parlamentdə ayrı-ayrı deputatlar tərəfindən bu və ya digər vaxtlarda bu istiqamətdə müəyyən təklif səsləndirilir və deputat Sabir Rustəmxanlının, Nəsib Nəsiblinin, İqbal Ağazadənin çıxışlarında bu istiqamətdə müəyyən təkliflər olub, məsələlər ictimai müzakirəyə gətirilib. Ancaq bir dövlət strukturu olaraq Milli Məclis bu məsələlərə son dərəcə ehtiyatla yanaşır. Bu təkliflər səsləndirilsə də, həmin təkliflər rəsmi qaydada ictimai müzakirəyə gətirilmir.

Sual: Bəs parlamentdə İranla bağlı, İranda yaşayan azərbaycanlılarla bağlı qaldırılan məsələlərin İran hakimiyyətinə, İran hökumətinə təsiri nə olur? Ümumiyyətlə İran hakimiyyətinin hərəkətlərində bir dəyişiklik yarada bilirmi?

Cavab: Çoxmillətli, çoxxalqlı dövlətlərin ən ciddi problemlərindən biri milli məsələdir. Bu məsələ son dərəcə həssaslıqla müşahidə edilir. O cümlədən bu, İrana da aiddir və istər azərbaycanlıların, istərsə də İranda yaşayan digər xalqların hüquqları ilə bağlı məsələlər gündəliyə gələndə bunu çox böyük narahatlıqla İran hakimiyyəti qarşılıyır. Azərbaycanlıların çoxlu haqları var ki, bunlar tək Cənubi Azərbaycanda olmadığı üçün deyil, ümumiyyətlə bu məsələlər harada varsa, biz həmin dairələrin haqqını müdafiə edirik. Dil haqqı insanın ilahidən gələn haqqıdır. Bunun qadağan edilməsi, bu dildə kitabların çapı, dərs keçilməməsi, məktəb olmaması, mətbuat üzərində xüsusi nəzarət qoyulması – bütün bunlar bilavasitə insan haqlarına zidd olan məsələlərdir.

Sual: Azərbaycan parlamentinin üzvləri İranla bağlı münasibətlərdə, xüsusilə də İranda yaşayan azərbaycanlılarla bağlı münasibətlərdə bir deputat qrupu yaratmaq fikrindədirmi? Ümumiyyətlə qrup şəklində, deputatlar birliyi şəklində bununla bağlı parlamentdə məsələlər qaldırılırmı və İran hökumətinə hər hansı sorğular göndərilirmi?

Cavab: Parlamentdə dostluq qrupları var. Dövlətlərin demək olar ki, hamısı ilə, müəyyən istisnalarla, dövlətlərin hamısı ilə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. O cümlədən İranla da parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Ancaq İranda azərbaycanlıların haqları ilə bağlı hər hansı bir deputat qrupunun olduğunu düşünmürəm. Heç bunun yaranmasına icazə də verməzlər. İran bizimlə qonşu dövlərdir və bu qonşu dövlətin daxili işlərinə müdaxilə formasında hər hansı addımın atılmasına Azərbaycan rəhbərliyi getməzlər.