Əfqanıstan
prezidenti Həmid Karzayın başlıca siyasi rəqibi deyir ki, prezidentin yenidən
seçilməsi qeyri-qanuni olub və bu, korrupsiyaya qarşı mübarizə səylərini
təhlükə altına atır. Sabiq xarici işlər naziri Abdulla Abdulla saxtakarlıqların
baş verəcəyini iddia edərək ikinci raund seçkilərdə namizədliyini geri
götürmüşdü. Bu gün o, deyib ki, ikinci raund seçkiləri ləğv edən və cənab
Karzaya əlavə 5 il hakimiyyətdə qalmağa imkan yaradan seçki komissiyasının bu
addımı qeyri-qanunidir. Abdullanın Kabildə jurnalistlərə bildirdiyinə görə,
belə şərtlərlə formalaşan hökumət nə korrupsiya ilə mübarizə apara bilər, nə də
ki, Əfqanıstanın üzləşdiyi digər problemlərin öhdəsindən gələ bilər. Karzay
hökuməti ilə koalisiya qurmağı planlaşdırmadığını bildirən cənab Abdulla tərəfdarlarını sakit qalmağa
çağırıb.