QİÇS xəstələrinin Amerikaya səyahət maneələri aradan qaldırılır

ABŞ prezidenti Barak Obama Amerikanın QİÇS xəstələrinin ölkəyə daxil olması maneələrinin aradan qaldırıldığını deyib. Bu gün Ağ Evdə HİV-QİÇS müalicəsinin genişləndirilməsi aktına imza atan prezident bildirib ki, Amerika belə xəstələrin ölkəyə daxil olmasına icazə verməyən bir neçə ölkədən biridir. Prezident administrasiyasının bazar ertəsi günü 22 illik səyahət qanunlarına dəyişiklik barədə açıqlama verəcəyini və bu qanunun 2010-cu ildə qüvvəyə minəcəyini bildirib.

Barak Obma bu prosesin hələ prezident Corc Buşun hakimiyyəti vaxtı başladığını vurğulayıb. ABŞ dövlət başçısı bu gün daha bir sənəd imzalayıb ki, bu da Rayan Vayt qanunudur. Qanun azgəlirli QİÇS xəstələrinin müalicəsini nəzərdə tutur.