Novruz Məmmədov: Qərb dövlətləri Ermənistanın tərəfindədir

Azərbaycan Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri NovruzMəmmədov "Amerikanın səsi" radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindəki çətinliklər, Türkiyə-Ermənistan protokolları və bayraqlardan danışıb. Şöbə müdiri qərb dövlətlərini Ermənistana təsir etməməsini pisləyir. O həmçinin Azərbaycan - Türkiyə münasibətlərində bütün məsələlərin həll ediləcəyini bəyan edib.

Sual: Azərbaycan-Ermənistan danışıqlarında nə vaxt razılıq əldə edilə bilər? Son danışıqlardan irəliləyiş olmadığı qeyd edilir. Eyni zamanda, Azərbaycan prezidenti həm də ümumilikdə danışıqlarda irəliləyişin olduğunu bildirib. Bu irəliləyiş nədən ibarətdir?
Cavab: Son razılaşmanın nə vaxt baş tutacağı ilə bağlı suala həmsədrlər düzgün, konkret və əsaslandırılmış cavab verə bilər. Çünki danışıqlar prosesini onlar aparır. Çox təəssüf ki, onların səyləri də müəyyən nəticə vermir. Həmsədrlər papaqlarını qarşılarına qoyub düşünməlidir ki, bəlkə düzgün yol və ya prinsip seçməyiblər. Özünüz həll edin, özünüz razılaşın, biz sizi dəstəkləyirik prinsipi beynəlxalq hüquqda yoxdur. Yəni, müəyyən mənada, iki tərəf arasında vasitəçilik edən həmsədr institutunun bir platforma olmalıdır. Belə başa düşürəm ki, həmsədrlərin platformasında müəyyən problemlər var.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan danışıqları aparır və bugünkü beynəlxalq prinsiplər xatirinə konstruktiv addımlar atırıq, münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni etməyə çalışırıq. Amma Ermənistan tərəfi konstruktivlik göstərmir və elə addımlar atır ki, bəzən müəyyən mərhələlərdə əldə edilmiş kiçik nailiyyətlər də sonralar heç olub gedir. Yəni nəticə əldə edilmir. Bunu, Azərbaycan prezidenti açıq deyib. Necə ola bilər, Ermənistan tərəfi bir neçə il və ya bir neçə ay əvvəl əldə edilmiş müəyyən razılaşmanı, bu gün yenidən müzakirə və ya mübahisə mövzusuna çevirir? Necə olur ki, Türkiyə - Ermənistan protokollarının imzalanmasına dəvət edilməmiş ABŞ, Fransa, Rusiya, Avropa İttifaqı, Sloveniya və İsveçrənin xarici işlər nazirləri imzalanma mərasimində tərəflərin arxasında dayanıb, təzyiq göstərə-göstərə, kiminsə maraqları çərçivəsində, kiminsə maraqlarına hər şeyi qurban verib dedilər ki, protokolu mütləq imzalayın. Onlar tərəflərlə saatlarla danışıqlar apardılar və mütləq protokolları imzalayın dedilər.
Amma, Ermənistan-Azərbaycan münaqişəsi həm çəkisinə, həm əhəmiyyətinə, həm də miqyasına görə, Türkiyə-Ermənistan sərhədlərindən qat-qat artıq və mühüm bir hadisədir. Amma çox təəssüf ki, bu gün qərbdə buna göz yumurlar. Yəni münaqişənin həlli üçün, o dərəcədə də konkret və effektiv addım atmaq istəmirlər. Ona görə də, münaqişənin nə vaxt başa çatacağı ilə bağlı sualı həmsədrlərə, ABŞ prezidenti və dövlət katibinə, Fransa prezidentinə və xarici işlər nazirinə, Rusiyaya ünvanlayın. Rusiya yenə bununla bağlı müəyyən addımlar atır. Mən bilirəm ki, son danışıqlarda Rusiya prezidenti Ermənistan prezidentini inandırmaq üçün, mövqeyinin düzgün olduğunu ona sübut etmək üçün çox böyük səylər göstərib. Ancaq buna baxmayaraq, nəticə yoxdur. Deməli, təzyiqlər kifayət qədər deyildir.
Sual: Həmsədrlərin ümumi platforması necə olmalıdır?
Cavab: Həmsədrlərin ümumi platforması beynəlxalq hüquq və onun normalarına əsaslanmalıdır. Ermənistan Azərbaycanın ərazisini işğal edib. Dağlıq Qarabağ tutaq ki, bu gün müəyyən mübahisələrə səbəb olur, hansı ki, Azərbaycanın suverenliyinə daxildir və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ona, status veriləcək. Amma Dağlıq Qarabağın ətrafındakı 7 rayon hansı hüquqi-siyasi əsasla işğal altında saxlanılır? Bunu düşünmək lazımdır. Beynəlxalq hüquq burada öz sözünü deməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub. 7 rayona ermənilərin heç bir iddiası yoxdur. Həmin rayonlardan köçkün düşmüş yüz minlərlə insanın geri qaytarılmasına heç kim bir mövqe bildirmir. Söhbət bundan gedir.
Azərbaycanın bu gün, qərb dövlətlərindən ədalət gözləməyinin səbəbi budur. Qərb dövlətlərindən sual edilir, bax burada ədaləti müdafiə etməyəcəksənsə, onda hansı məqamda ədaləti müdafiə etmək lazımdır? Yəni platforma belə olmalıdır ki, Ermənistanın mübahisəsi, müharibəsi Dağlıq Qarabağla bağlıdırsa, Azərbaycan bunun danışıqlar yolu ilə həlli üçün qarantiya verir. O biri rayonları mütləq azad etməlisən. Çünki sən işğalçı dövlətsən. Bax, bunu Ermənistana heç kim demir.
Sual: Azərbaycan prezidenti bildirib ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə Ermənistan -Azərbaycan münaqişəsinin həlli paralel aparılmalıdır. Dövlət başçısının fikrincə, bu problemlər arasında rəsmi olmasa da, qeyri-rəsmi əlaqə var. Paralel nizamlanma necə olmalıdır?
Cavab: Azərbaycan prezidenti paralellik məsələsini diplomatik dillə çox konkret deyib. Birinci, ona görə ki, Türkiyə hökuməti 1993-cü ildə Kəlbəcərin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini bağlayıb. Məgər, bu rəsmi əlaqə deyilmi? İndi, kiminsə maraqlarına uyğun olaraq, bunu bir-birindən ayırırlarsa, burada beynəlxalq hüququn və ya mənim nə günahım var. Çox təəssüf ki, bu gün dünyada hər kəs ədaləti tapdalaya-tapdalaya gedir. Hər kəs öz marağına uyğun addımlar atır.
İkincisi, əgər ədalətsizlik yoxdursa, elə isə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına məsul olan Minsk qrupunun həmsədrləri və həmsədr ölkələrin xarici işlər nazirləri İsveçrədə Türkiyə-Ermənistan protokolları imzalanan zaman olmalarının əhəmiyyəti, ehtiyacı, vacibliyi və zərurəti nədə idi? Onlar nə üçün oraya gəlmişdilər? Deməli, belə nəticə çıxır ki, bunların hamısı Ermənistanın tərəfindədir və yalnız Ermənistana dəstək verirlər.
Sual: Türkiyə-Ermənistan arasındakı uzunmüddətli gərgin münasibətlər iki illik danışıqlardan sonra protokolların imzalanması ilə demək olar ki, həllini tapdı. Azərbaycanla aparılan 18 illik danışıqların yekunlarını necə gözləyirsiniz? Qərb dövlətləri tərəfindən təzyiqlər və təsirlər olarsa, danışıqlarda bir irəliləyiş gözləyirsinizmi?
Cavab: Mən qərb dövlətlərinin mövqeyi ilə bağlı şərt formasında danışmaq istəmirəm. Amma, dünyanın aparıcı dövlətlərinin təzyiqindən sonra iki illik danışıqların nəticələri protokolların imzalanması ilə başa çatdı. Bir tərəfdən Türkiyəyə təsir göstərdilər, digər tərəfdən isə Ermənistan bir şou qurdu ki, guya narazı deyil. Çox çətin bir vəziyyətdə, iqtisadi böhranın uçurumunun dibində olan bir vəziyyətdə, bütün qərb dövlətləri çalışdı və çalışır ki, Ermənistanı bu vəziyyətdən çıxarsın, onun yaşamasını, firəvanlığını təmin etsin. Bu səbəbdən də istəsələr də, istəməsələr də tərəfləri buna məcbur etdilər. Bax, belə bir proses çox əvvəllərdən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olmalı idi. Çox təəssüf ki, bunu etmirlər.
Sual: Türkiyə bayraqları ilə bağlı münasibət necə olacaq? Bursa valisinin bugünkü bəyanatında Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqlarına diqqətsizlik edənlərin cəzalandırıldığı bildirilir. Bakıda necə, 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Türkiyə əsgərlərinin abidəsi önündən götürülmüş bayraqlar yerinə qaytarılacaqmı, və ya bayraqları götürənlər cəzalandırılacaqmı?
Cavab: Türkiyə ilə Azərbaycan arasındakı məsələlər iki qardaş və dost ölkə arasındakı məsələlərdir. Düşünürəm ki, burada da, - həm daxildə, həm də xaricdə olan bəzi qüvvələr iki dövlət arasında soyuqluq, gərginlik yaratmağa çalışır. İki dövlət arasında bütün məsələlər həll olunacaq. Burada bir narahatçılıq yoxdur. Yenə təkrarlayıram, bu iki dövlət arasında gərginlik yaratmaq istəyənlər niyyətlərinə çatmayacaq. Türkiyə və Azərbaycan qardaşlıq, dostluq öhdəliklərini çox gözəl bilir. Ona görə də onlar dil tapacaqlar.