Qulamrza Əmaninin ölümünün birinci ildönümüdür

İNSAFƏLİ HİDAYƏT

İran Azərbaycanlılarının mədəni hüquqları uğrunda mübarizədə mühüm rolu olan Qulamrza Əmaninin ölümünün birinci ildönümüdür. İrandan aldığımız xəbərlərə görə Təbrizdə onun qəbri üstündə və İran Azərbaycanın başqa şəhərlərində onun xatirəsini yad etmək üçün anım mərasimləri təşkil edilib.

Əmani tələbə ikən İranda mədəni hüquqların müdafiəsi sahəsində geniş fəaliyyət göstərmişdi. O, İranda azərbaycanlı fəalların cavan nəslinin nümayəndəsi kimi tanınır. Onun və həmin nəslin başqa hərəkatçılarının fəaliyyəti dövründə İran azərbaycanlıları öz narahatlıqları və mədəni hüquqları barədə tələbləri ilə əlaqədar xəbərləri xaricdə yaymağa nail olmuş Azərbaycan Respublikası və Türkiyədəki təşkilatlarla əlaqələr yaratmağa başlamışdılar.

Qulamrza Əmani göstərdiyi fəaliyyətlərə görə İranda dörd il həbsdə qalmış, azadlığa buraxılandan sonra da tez-tez nəzarət altına alınmışdır. Xatırladaq ki, Qulamrza Əmani bundan bir il əvvəl iki qardaşı ilə bir yerdə maşın qəzası nəticəsində dünyasını dəyişmişdi. Bəzi təşkilatlar onun ölümündə qəsd olduğunu iddia etsə də bu müstəqil mənbələr tərəfindən təstiq edilə bilməyib.