Azərbaycanda Türkiyə bayrağının götürülməsi  etirazla qarşılanıb


Bu gün gənclər Azərbaycan və Türkiyə bayraqlarını Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Türkiyə və Azərbaycan şəhidlərinin uyuduğu xiyabandan götürülməsinə etiraz edib.
Ən maraq doğuran isə odur ki, ictimai etirazlardan sonra dünən axşam Türkiyə və Azərbaycan bayraqları Şəhidlər xiyabanında Türkiyə səfirliyinin dini işlər üzrə müşavirliyinin qarşısında asılıb və bu gün səhər yenidən görünməz əllər bayraqları yığışdırıb. Dini müşavir Mustafa Şahin də bunlardan məyusdur.
Bu gün səhər saatlarından Azərbaycan ictimaiyyətinin nümayəndələri, ziyalılar, siyasi partiyaların fəalları Azərbaycan və Türk xalqları arasında həmrəylik əlaməti olaraq, Şəhidlər Xiyabanında türk əsgərlərinin Abidəsini ziyarət edir. Ziyarətçilər etiraz olaraq Türkiyə və Azərbaycan bayraqlarını şəhidlər abidəsinin önündə qaldırıb.
Ziyarətçilər arasında AXCP sədri Əli Kərimli və partiyanın rəhbərliyi də olub. Cənab Kərimli hesab edir ki, hökumətin bu hərəkətləri Azərbaycan-Türkiyə xalqlarının qardaşlığına xələl gətirə bilməz.
Türkiyə bayraqlarının şəhidlər xiyabanından götürülməsi dünyada yaşayan azərbaycanlıların da etirazı ilə qarşılanıb. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının Bakı Bürosunun rəhbəri Ağrı Qaradağlı Cənubi Azərbaycanda yaşayanların bunu müsbət qarşılamadığını deyir.
Bu gün Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezident Gül Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının mümkün olmayacağını bildirib.