Azərbaycan və Türkiyə bayraqları yenidən birgə dalğalanır

Türkiyə-Ermənistan milli futbol komandalarının qarşılaşması zamanı meydana Azərbaycan bayraqlarının buraxılmaması və Azərbaycanın 1918-ci ildə müstəqilliyinin bərpası zamanı şəhid olmuş türk əsgərlərinin abidəsi önündən Türkiyə bayraqlarının çıxarılması hər iki dövlətdə ciddi etirazlar doğurub.
Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında deputatların diqqətində olan əsas mövzu da Azərbaycan-Türkiyə münasibətləri olub.
Deputat Cəmil Həsənli bildirib ki, Türkiyə Azərbaycanın müttəfiqidir və buna baxmayaraq Azərbaycanda Sovet dövründə olduğu kimi “antitürk kampaniyası” aparılır.
Deputat Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan-Türkiyə münasibətlərinin pisləşməsində maraqlı olan dairələr var. O hesab edir ki, Azərbaycan Türkiyənin Ermənistanla protokol imzalamasına səbrlə yanaşmalıdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova Türkiyə
bayrağının “təhqirə” məruz qalması fikrinə etiraz edib və bəzi deputatların Azərbaycanda rusiyayönlü əhval-ruhiyyənin güclənməsi fikri ilə razılaşmayıb.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının sədr müavini, deputat Əli Əhmədov hesab edir ki, Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq mümkün deyil. “Biz protokolların ratifikasiya olunacağı günü gözləməliyik. Türkiyə hakimiyyəti verdiyi vədlərə əməl etməsə, onda biz ona şübhə ilə yanaşa bilərik”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da Azərbaycanda antitürk kampaniyasının olması barədə fikirləri təkzib edib. “Azərbaycan hesab edir ki, Türkiyə hakimiyyəti Qarabağ probleminə daha diqqətlə yanaşmalıdır. Protokolların imzalanması bir daha əyani göstərdi ki, böyük dövlətlər istəsələr, Ermənistana təzyiq göstərə bilərlər”.
Milli Məclisin sədri Oqtay Əsədov Bursada Türkiyə-Ermənistan futbol komandalarının oyunu zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmamasını yanlış adlandırıb.
Cənab Əsədov eyni zamanda, medianı və deputatları emosional çıxışlardan çəkinməyə çağırıb. “Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək mümkün deyil”.
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan da Azərbaycanla bağlı məsələlərə münasibət bildirib. O hökumətinin və özünün Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı ilə bağlı çıxışının arxasına olduğunu bəyan edib. “Azərbaycanla bağlı mənfi bir addım atmağımızdan söhbət belə gedə bilməz”.
Cənab Ərdoğan həmçinin, Azərbaycan bayrağını Türkiyə bayrağı kimi, Azərbaycan torpaqlarını Türkiyə torpağı kimi əziz və müqəddəs bildiyini deyib. “Bu sözlərim daha çox Azərbaycan xalqına ünvanlanıb. Bakıda yatan şəhidlərimiz bunun canlı şahidləridir. Azərbaycanın mənafelərini Türkiyənin mənafelərindən geridə tutmadıq, tutmarıq. Onların sevinci bizim sevincimizdir. Kimsə Türkiyənin xoş niyyətli davranışını başqa yerə yozmasın”.
Baş nazir bir daha bayraq məsələsinə qayıdaraq Azərbaycanda Şəhidlər xiyabanından Türkiyə bayrağının götürülməsinə münasibətini ifadə edib. “Bizi yaralayan şey Azərbaycanda şəhidlikdən Türkiyə bayrağının endirilməsidir. Bu bayrağın götürülməsinin hansı məna daşıdığını Azərbaycan da bilməkdədir”.
Elə bu gün Türkiyənin bayraqları yenidən Şəhidlər xiyabanına qaytarılıb. Hazırda Türkiyə və Azərbaycan şəhidlərinin uyuduğu xiyabanda Azərbaycan və Türkiyə bayraqları yenidən birgə dalğalanır.