Pakistanın
hərbi qüvvələri Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda Taliban
yaraqlılarına qarşı çoxdan gözlənilən genişmiqyaslı hərbi əməliyyata başlayıb. Döyüşlər
zamanı 4 əsgərin həlak olduğu bildirilir.
Pakistanın quru qüvvələri bu gün Cənubi
Vəziristandakı bazalarından yüksək rütbəli
hərbi və siyasi liderlərin İslamabad görüşündən bir neçə saat sonra
hərəkətə keçib. 10000-ə yaxın Taliban
yaraqlılarına qarşı mübarizə məqsədi ilə Pakistanın 30000-lik hərbi qüvvəsi səfərbər
edilib. Pakistanın hərbi qüvvələrini döyüş təyyarələri və hərbi vertolyotlar
müşayiət edir.
Pakistan bu əməliyyatla terror və intiharçı hücumlarının qarşısını almağa çalışır. Son bir neçə həftə ərzində 175 adam həlak olub. Pakistan hökuməti ölkədə baş verən zorakılıqlara görə Cənubi Vəziristanda hərbi bazaları olan Taliban yaraqlılarını günahlandırır. Bugünkü əməliyyatdan əvvəl bəzi ərazilərdə kommendant saatı tətbiq edilib.