Sincan vilayətində əlavə altı şəxs edam cəzasına məhkum olundu

Çinin qərbi Sincan vilayətində məhkəmə əlavə altı şəxsi iyul ayında baş verən qanlı iğtişaşlarda iştirakına görə ölüm cəzasına məhkum edib. Urumçi Xalq Məhkəməsi tərəfindən məhkum edilən şəxslərdən beşinin adları əsasında uyğur olduğu görünür. Başqa müttəhim Han Cunbo isə etnik çinlidir. Han bir uyğur kişini ölənə qədər döydüyünə və başqasını ağır yaraladığına görə edama məhkum olunub. Onun tərəfdaşı isə 10 il azadlıqdan məhrum edilib. İyul ayında müsəlman uyğurlarla etnik çinlilər arasında baş verən iğtişaşlarda onlarla adam ölmüş, 1600-dən çox adam isə yaralanmışdır.