ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstan
prezidentinin yenidən vəzifəsinə seçildiyi təqdirdə, Amerikanın onunla yeni
münasibətlər quracağını deyib. BBC-yə müsahibə verən dövlət katibi Həmid
Karzayın bir çox cəbhələrdə yardımçı olduğunu desə də, Amerikanın ondan daha
artıq iş görməsini istədiyini deyib. Xanım Klinton əsasən Həmid Karzayın
tərəfdarlarının yol verdiyi saxtalaşdırmalara görə avqust ayı seçkilərindən
sonra Əfqanıstanda durumu mürəkkəb adlandırıb.
Dünən BMT-nin Əfqanıstandakı rəsmisi Kay Eyd
ilk dəfə olaraq seçkilər zamanı ciddi saxtakarlıqlara yol verildiyini
bildirmişdi. BMT-nin Əfqanıstan üzrə
seçki komissiyası şübhəli bülletenlərin yoxlanışından sonra bu həftə hesabatla
çıxış etməlidir. Komissiyanın iki əfqan üzvündən biri qrupun xarici üzvlərin
təsirinə məruz qaldığını deyərək, istefa verib.