ABŞ Mətbuatı: Nobel mükafatı laureatı Barak Obama

ABŞ prezidenti Barak Obamanın Nobel sülh mükafatına layiq görülməsi bir çox müşahidəçilər üçün gözlənilməz oldu. Belə ki, cəmi 9 ay prezident olmuş Obama hələ ki, xarici siyasət sahəsində ciddi nailiyyətlə fərqlənməyib. Nobel mükafatını təqdim edən komissiyanın rəhbərliyi isə mükafatı Obamanın siyasi ab-havaya gətirdiyi dəyişikliklər və irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti ilə izah edir.

New York Times qəzetinin baş məqaləsində Prezident Obamanın Nobel mükafatına reaksiyası təqdir olunur. Ağ Evin qarşısında qısaca çıxış edən Obama Isveç akademiyasının ona verdiyi etimadı doğruldacağına ümid bəslədiyini və mükafatı təvazökarlıq hissi ilə qəbul etdiyini söylədi. Redaksiya heyətinin fikrincə mükafat sabiq Buş prezidentliyinin üstüörtülü tənqidi idi. Prezident Obamanın sərgilədiyi ton, beynəlxalq əməkdaşlığa can atması cənab Buşun yürütdüyü siyasətlə təzad təşkil edir. Redaksiya heyəti hesab edir ki, cənab Obamanın qarşıda görməli olduğu çox işlər var. Prezident İraq və Əfqanıstanda müharibə, terrora qarşı mübarizə, İran və Şimali Koreya kimi ölkələrdən qaynaqlanan təhlükələrlə ayaqlaşmalıdır. New York Times-ın yazdığına görə amerikalılar cənab Obamanı ona görə prezident seçiblər ki, Amerika dəyərlərini və liderliyini bərpa etsin. Və ona Nobel sülh mükafatının verilməsi göstərir ki, dünya ictimaiyyəti də məhz bunu arzulayır.

Washington Post-da yazı ilə çıxış edən Minnesota Universitetinin professoru Ronal Krebs isə Nobel komitəsinin bu qərarından təəssüfünü izhar edir. Onun sözlərinə görə vaxt gələ bilər ki, həm prezident Obama həm də onu təltif edən adamlar bu mükafata görə peşman olsunlar. Nobel mükafatının bir çox laureatlarından fərqli olaraq Barak Obama avtoritar ölkədə demokratiya uğrunda mübarizə aparan və basqılara məruz qalan siyasi fəal deyil. O, böyük bir dövlətin rəhbəridir və onun atdığı addımlar daxili auditoriya tərəfindən diqqətlə izlənilir. Amerikada bəzi adamlar inanırlar ki, prezident Obama radikal solçudur və qlobal maraqları Amerikanın milli maraqlarından üstün tutur. Obamaya mükafatın verilməsi onun tənqidçilərinin qorxularını daha da artırır. Mümkündür ki, göyərçin imicindən uzaqlaşmağa çalışan Prezident Obama indi xarici siyasətdə daha sərt mövqe nümayiş etdirməyə məcbur olsun. Ona mükafat verməklə Nobel komitəsi cənab Obamanı ciddi dilemma qarşısına qoyur: Ya o, sülhprəvər siyasətini davam etdirərək qeyri-effektiv prezident olması haqda şübhələrə əsas verməli, ya da mükafatın prezidentliynə təsir göstərmədəyini sübut etmək üçün sərt siyasi xətt yürütməlidir.

New York Post qəzetində yazan ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton da professor Krebsin düşüncələrini bölüşür. Onun yazdığına görə son bir neçə ildə Nobel sülh mükafatınin verilməsi Avropanın solçu siyasətçilərinin əlində Amerika mühafizəkarlarına zərbə endirmək və ABŞ-ın qlobal siyasətinə təsir göstərmək üçün siyasi alətə çevrilib. Bu səbəbdən mükafat Buş administrasiyasının kəskin tənqidçiləri olmuş Cimmi Karter, Əl Qor və indi də Barak Obamaya verilir. Con Boltonun yazdığına görə kifayət qədər nailiyyətləri olmayan Barak Obamaya mükafat etməklə əslində beş Norvecli siyasətçi Amerika cəmiyyəti haqda məlumatsızılıqlarını və yol verdikləri hərəkətlərin məsuliyyətindən xəbərsiz olduqlarını nümayiş etdirir. Amerikanın dövlət maraqlarını öz siyasi ideologiyalarına tabe etmək cəhdi sonda həm avropalıların özüvə həm də çətin qərarlarla üzləşən prezident Barak Obama üçün bir tələyə çevrilmiş ola bilər, deyə Bolton yazısını bitirir.