ABŞ Mətbuatı: Amerikanın İran siyasəti və demokratiya uğrunda mübarizə

Cümə axşamı BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya İranla nüvə proqramı üzərində müzakirələrə başlayacaq. Lakin Amerikanın özündə bir sıra mütəxəssislər Obama administrasiyasnın İran siyasətinin yanlış prioritetlərə diqqət yetirdiyini söyləyir.

“İran üçün Vaxt Almaq” adlı yazısında New York Post qəzetinin köşə yazarı Əmir Taheri İranla danışıqların artıq 30 ildir ki, davam etdiyini bildirir. Onun sözlərinə görə bu müddət ərzində Qərb dövlətləri daim İranı düzgün yola gətirməyə cəhd etsələr də İslam Respublikası öz sərt xətt yönümlü siyasətini yürütməkdə davam edir. Yaxın günlərdə keçiriləcək danışıqlara gəldikdə isə Obama administrasiyasının hədəfləri xeyli yumşaqdır. ABŞ prezidenti istəyir ki, İran bu danışıqlarda özünün dinc məramlarını nümayiş etdirsin. O, İranla münasibətlər qurmağa hazır olduğunu, “ciddi və mənalı” dialoq təklifinin masa üzərində qaldığını təkrar edib. Taherinin yazdığına görə əslində Barak Obama İrandan BMT Təhlüksəzilik Şurasının qətnamələrinə riayət etməyi tələb etməlidir. Yazarın fikrincə İranın danışıqlar vasitəsilə əlavə vaxt almağa can atması anlaşılandır. Prezident Mahmud Əhmədinejad ölkə daxilində gücləndən ictimai narazılıqla üzləşir və atom bombasının əldə edilməsinə rejimin qüdrətli qarantı kimi baxır. Lakin Qərb dövlətlərinin vaxtı uzatması o deməkdir ki, Obamanın prezidentliyi dönəmində İranın atom dövlətinə çevrilmək üçün əla şansları var, deyə Taheri yazısını bitirir.

Washington Post-da siyasi təhlilçi Robert Kaqan ümumiyyətlə Qərbin İranın nüvə proqramına bu dərəcədə diqqət yetirməsini yanlış siyasət kimi dəyərləndirir. “Atomu Yaddan Çıxarın” adlı yazısında cənab Kaqan İran hökumətini başlıca olaraq daxili ictimai qəzəb maraqlandırdığını yazır. Onun fikrincə diqqəti nüvə proqramına yönəltməklə İran rejimi nəzərləri daxildə alovlanan etiraz dalğasından yayuındırmağa çalışır. İyunda keçirilən prezident seçkilərinin ardınca İranda baş qaldıran iğtişaşlar rejimin mövcudiyyətinə ən böyük təhlükə idi. Lakin Qərb dövlətləri çətin duruma düşmüş İran rejiminin zəifliyindən yararlanmaq əvəzinə, sonuncunun üstünlük verdiyi meydançada – nüvə pöroqramı mövzusunda danışıqlara daxil olublar. Halbuki, Qərb dövlətlərinin İrandakı müxalifətçilərə qahmar çıxması İranla bağlı məqsədlərə çatılmasında qat-qat artıq effektv verə bilər. Kaqanın sözlərinə görə Obama administrasiyası nüvə danışqılarına ifrat diqqət ayırmaqla əslində İran rejiminə öz oyununu oynamağa imkan verir. Kaqanın sözlərinə görə İranda siyasi rejimin dəyişməsi Amerikanın strateji maraqlarına cavab verir və bu ölkədə demokratiyanın bərqərar olması İranla bağlı bir çox probemlərin həll olunmasına yardımçı ola bilər.

Bu arada Washington Times qəzeti İranda siyasi basqılardan baş götürüb qaçmış dissidentlərin Türkiyədəki həyatını işıqlandırır. Mehdi adlı bir müharcirin həyatını izləyən qəzet müxbiri İran rejiminin Türkiyədə geniş agent şəbəkəsini idarə etməsindən bəhs edir. Bir çox İranlılar Türkiyədən Qərbə köçmək üçün tranzit ölkə kimi istifadə edirlər. Lakin onları burada ağır həyat, şübhəli adamların əhatəsi və tənhalıq müşayiət edir. Bir çox mühacirlər İrandakı siyasi mübarizənin öncülləri olaraq orada cərəyan edən hərəkatla bağlı mühüm informasiyasya malikdirlər. Lakin Mehdi ABŞ-ın İrandakı son olaylara bağlı tutduğu mövqedən məyusluğunu izhar edir. Iraq və Əfqanıstanda demokratiyaya yardımçı olmuş Amerikanın iranlı demokratiya mübarizələrindən uzaq durması onu kədərləndirir. Bu müddət ərzində isə, o, işgəncə kimi qiymətləndirdiyi Türkiyədəki acı mühacirət həyatı yaşamaqda davam edir.