Dəyirmi Masa: Ekspertlər Türkiyə-Ermənistan diplomatik anlaşmasını şərh edir

Bu həftənin əvvəlində Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "Ikitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanılması barədə razılıq əldə edib. Qərb dövlətləri və Rusiya tərəfindən alqışlanan bu sazişə isə münasibət Türkiyə müxalifəti daxilində və Azərbaycanda müəyyən qədər fərqlidir. Son anlaşmanın regiondakı geo-siyasi duruma təsirini müzakirə etmək üçün həftənin ənənəvi dəyirmi masa söhbətinə Türkiyənin sabiq səfiri Omer Engin Lütem, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı və Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunu dəvət etdik.

İmzalanmış sənədlərə münasibət bildirən Ərəstun Oruclu bu hadisəni son dörd ildə Türkiyə ilə Ermənistan arasında davam edən təmasların məntiqi sonluğu kimi dəyərləndirdi. Onun sözlərinə görə Ermənistanın hazırda təcrid olunmuş durumu diktə edir ki, rəsmi Yerevan Ankara ilə müəyyən anlaşmaya gəlsin. O biri tərəfdən Türkiyə də hesab edir ki, Ermənistanla münasibətlərin normallaşması onun beynəlxalq aləmdəki nüfuzuna müsbət töhfə vermiş olardı. Habelə bu adımı atmaqla Türkiyə Cənubi Qafqaz yaranmış geo-siyasi boşluğu doldurmağa və regiondakı təsirini genişləndirməyə can atır.

Türkiyə hökumətinin son addımına reaksiyaların birmənalı olmadığını diqqətə çatdıran Araz Aslanlı həm Türkiyə müxalifətindən, istərsə də Azərbaycandan bu yaxınlaşmaya etirazların olduğunu diqqətə çatdırdı. Onun fikrincə Türkiyənin hazırkı xarici siyasət kursu idealist müddəalara əsaslanır. Belə ki, Rəcəb Təyyib Ərdoğan hökuməti hər vəchlə qonşularla problemləri sıfır dərəcəsinə endirməyə çalışır və güman edir ki, bu növ davranış Azərbaycanla münasibətlrə təsir göstərməyəcək. Cənab Aslanlı əlavə etdi ki, baş nazir Ərdoğanın verdyi sözdən geri çəkilməsi mütəmadi xarakter alıb və bu da AKP hökumətinə olan etimada zərbə endirir.

Sabiq səfir Omen Engin Lütem de cənab Aslanlının dedikləri ilə razılaşaraq cənab Ərdoğanın Azrbaycan parlamentində etdiyi çıxışda sərgilədəyi mövqeyə riayət etməli olduğunu bildirdi. Onu sözlərinə görə hökumət hələ bu sənədi ölkə parlamentinə təqdim etməli və onun ratifikasiyasına nail olmalıdır. Cənab Lütəmin fikrincə anlaşmanın parlamentdə təsdiq olunacağı ciddi suallarla üzləşir. Belə ki, Türkiyə müxalifəti bu anlaşmanın əleyhinədir və mümkündür ki, proses illərlə vaxt aparsın.