Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və bunun regional təsirləri

Türkiyə və Ermənistan iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokolların imzalanması barədə razılıq əldə edib. Bunun Türkiyə-Azərbaycan münasibətləri və ümümulikdə regional təsirləri nədən ibarətdir. Ankarada TÜRKSAM Beynəlxalq Araşdırmalar mərkəzinin rəhbəri Sinan Oğan Amerikanın səsinin suallarını cavablandırır.

Sual:Türkiyə və Ermənistan arasında bu protokol nədən ibarətdir. Bunun maddələri hansılardır, burada hansı məsələlər qoyulub.

Cavab: Öncəliklə, bunu vurğulamaq lazımdır ki, bu protokol dünən, ya da əvvəlki gün ortaya çıxmış bir şey deyil. Bu 2007-ci ildə İsveçrədə İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında aparılan gizli danışıqlar, 2008-ci ilin sentyabr ayında prezident Abdlla Gülün futbol diplomatiyası çərçivəsində Yerevana gedərək matç izləməsi, onun ardınca ABŞ prezidenti Barak Obamanın 2009-cu ilin əvvəllərində Türkiyəyə gəlməsi və bu mövzuda Türkiyəni cəsarətləndirən çıxışından başlamış, bundan sonra isə 2009-cu il aprelin 22-də Türkiyə ilə Ermənistan arasında yol xəritəsinə dair anlaşmanın imzalanması nəticəsində avqustun 31-də iki protokola imza atılmışdı.

Bu protokolardan birincisi Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsinə dair protokoldur. İkincisi isə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin təsis edilməsinə dair protokoldur. Birinci maddədə deyilir ki, bu protkolun qüvvəyə minməsindən iki ay sonra orta sərhədin açılması məsələsində Türkiyə və Ermənistan razılaşmaya gəlmişlər.
İkinci maddədə hər iki ölkənin Xarici İşlər nazirliklərinin müntəzəm olaraq siyasi məsləhətləşmələrin aparılması, digər tərəfdən iki ölkə arasında məsələlərin arxivlər və tarixçilərdən istifadə edilərək həll edilməsi, konsulluq sahəsində iş birliyi aparılmasını, ticarətin və iqtisadiyyatın inkişaf etidirilməsi kimi bir çox sahəni əhatə edir. Eyni zamanda, narkotik maddələr alveri, terrorizm və bu kimi sahələrdə iki ölkə arasında əməkdaşlığın aparılmasının vacibliyi bu protokollarda qeyd edilir. Nəticə olaraq Türkiyə və Ermənistan bu protokolları imzalayaraq, bildirir ki, iki ölkə arasında dipolomatik münasibtələr qurulur və iki ölkənin əlaqələrini bundan sonra genişləndirilir.

Bunun üçün bir vaxt cədvəli qoyulur. Altı həftə iş aparıldıqdan sonra protokol Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək və burada təsdiq edildikdən sonra 2 ay ərzində qüvvəyə minəcək. Bundan 2 ay sonra isə Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması məsələsi gündəmə gələcək və sərhədlər açılacaq.

Sual: Protokolun imzalanması və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar indiyə qədər Türkiyə-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində gedrdi. İndi protokolun imzalanması nə ilə nəticələnə bilər və protokol imzalanarsa, Türkiyənin Azərbaycana əvvəlcə verdiyi vədlər necə olur.

Cavab: Türkiyənin Azərbaycana əvvəlcə vediyi vədlər bu gün də qüvvədədir. Amma bu protokol imzalandıqdan sonra həm Xarici İşlər naziri Davutoğlu, həm Baş nazir Erdoğan açıqca ifadə etdilər ki, Azərbaycana bizim verdiyimiz qarantiyalar hələ qüvvədədir. Ermənistan Dağlıq Qarabağda işğal etdiyi torpaqlardan çıxmayana qədər bu protokol qüvvəyə minməyəcəkdir.

Türkiyənin daxili hüquqi prosesində beynəlxalq mahiyyətli belə bir protokolun həyata keçməsi üçün o, Milli Məclisdə təsdiq edilməlidir. Türkiyə də zənn edirəm, belə düşünür ki, bu protokolları imzalayaraq Ermənistana bir fürsət verir ki, bir şans verir ki, “biz protokolları imzalayıb Milli Məclisin təsdiqinə veririk, siz də Dağlıq Qarabağda və onun ətrafında işğal etdiyiniz yeddi rayon da daxil olmaqla, işğal etdiyniz torpaqlardan çıxın, biz də bunu Məclisdən keçirək və bu protokollar həyata keçirilib qüvvəyə minsin." Bundan sonra görüləcək iş hər iki ölkənin protokolları partlamentə çıxarması və buna paralel olaraq Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasıdır.

Sual: Protokolların imzalanması, ümumiyyətlə Türkiyə və Ermənistan arasında münasibətlərin yaxınlaşması regionda siyasi proseslərə hansı şəkildə təsir göstərəcək.

Cavab: Protokolların imzalanması bir şeydir, onların həyat keçirilməsi fərqli bir şey. Protokollar imzalanmışdır, amma onların qısa bir müddət ərzində həyata keçməsi mümkün deyil. Əvvəlcə dediyim kimi, parlamentdən keçməsi gərəkdir. Buna görə də, belə ikitərəfli sənədlərdə üçüncü tərəfin maraqlarını göstərmək mükün olmadığı üçün Azərbaycanın maraqları hüquqi şəkildə burada göstərilməsə də, Türkiyə Böyük Millət Məclisində bu protokolları saxlayaraq, Azərbaycanın maraqlarını qoruyacaqdır.

Lakin may ayında Azərbacyan və Türkiyə arasında yaşanan bir gərginlik, bir böhran oldu və Türkiyə bunun dərslərini almışdır düşünürəm. Çünki yenidən Türkiyə və Azərbaycan arasında belə bir böhran yaşansa iki ölkə arasında əlaqələr daha da soyuya bilər və bunu düzəltmək daha çətin ola bilər.

Burada iki məsələ var. Birincisi, Türkiyə-Ermənistan əlaqələri, ikincisi, Ermənistanın Qarabağdan çıxaması. Əgər bu iki proses parallel gedirsə, Türkiyə bir tərəfdən, Ermənistanla diplomatik əlaqələr qurub sərhədləri açar, o biri tərəfdən Ermənistan işğal etdiyi torpaqlardan çıxarsa, bunun bölgədə proseslərə təsiri çox böyük olacaq.

Hər şeydən öncə, Ermənistan iqtisadi blokadadan çıxmış olacaq. Bundan sonra Ermənistan regional və beynəlxalq enerji layihələrində yer ala bilər. Nabukko layihəsi Ermənistandan keçə bilər. Eyni zamanda, bölgədə gərginliyin azalması Cənubi Qafqazda böyük rifaha gətirib çıxaracaq. Həm də ki, bölgədə Türkiyənin və Azərbaycanın, eləcə də, qərbin nüfuzu artmış olacaqdır. Buna görə də bu iki prosesin parallel getməsi Türkiyənin də, Azərbaycanın da, Ermənistanın da marağındadır.

Amma son 20 ilə baxdıqda, Ermənistanın oyunu pozduğunun bir çox dəfə şahidi olmuşuq. Əgər yenə də oyunu pozsa, proseslərdən birini həyata keçirməsə, yəni işğal etdiyi torpaqlardan çıxmasa, əvvəlcə göstərdiklərimi əldə edə bilmədiyimiz kimi, Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlər daha gərgin bir mərhələyə daxil ola bilər və problemin həlli danışıqlar masasından başqa istiqamətə yönələ bilər.