Birləşmiş Ştatlar Pakistanda Talibanın lideri Beytulla Məsudun öldüyünə inanır

ABŞ prezidenti Barak Obamanın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri deyib ki, Birləşmiş Ştatlar Pakistanda Talibanın lideri Beytulla Məsudun öldüyünə inanır.

Təqaüddə olan general Cim Cons bu gün Fox televiziyasına müsahibəsi zamanı deyib ki, Vaşinqtonun əldə etdiyi bütün dəlillər Məsudun keçən həftə öldüyünü göstərir.

Pakistandan gələn məlumatlarda Məsudun ABŞ-ın raket hücumu zamanı qaynatasının iqamətgahında öldüyü bildirilir.

Cons deyib ki, Məsudun təşkilatında hərc-mərcliyn hökm sürdüyü aydın olur. Bununla belə, o, Məsudun yerini tutmaq üçün Talibanın iki rəqib komandirinin bir-birinə atəş açdığı haqda məlumatları təsdiq edə bilmədiyini deyib.

Pakistan rəsmiləri Vali-ur-Rəhman və Hakimulla Məsud arasında görüş zamanı atışma olduğunu və onlardan birinin öldüyünü bildiribrlər.

Daha bir Taliban komandiri Nur Səid belə bir qarşıdurma olduğunu inkar edib.

Bu gün Röyters agentliyi xəbr verib ki, Rəhman belə bir görüşün olduğunu təkzib etmək üçün agentliyin bir müxbirinə zəng edib.