BMT İnsan Haqları Komitəsi Azərbaycan hökumətini kəskin tənqid edib

BMT İnsan Haqları Komitəsi bu həftə Cenevrədə keçirdiyi yığıncağında ölkədə söz və ifadə azadlığını təmin etmədiyi üçün Azərbaycan hökumətini kəskin tənqid edib.

Assoşieyted Press agentliyinin yaydığı xəbərə görə, hesabat ümumilikdə ölkədəki vəziyyətlə bağlı qiymətləndirmə və tövsiyələri əhatə edir.

Komitə bildirir ki, Azərbaycanda jurnalistlərə qarşı davamlı olaraq zorakılıq və təzyiqlər olur, həmçinin qurama böhtan və xuliqanlıq ittihamlarıyla media susdurulur.

Xüsusi olaraq sənəddə 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məsələsi qaldırılır.

Müəlliflər bildirir ki, jurnalistlərə qarşı törədilən əməllər üçün cəzasızlıq atmosferi mövcuddur. Belə ki, hökumət lisenziyalaşdırma və tənzimləmə kimi prosedurlardan müstəqil yayınçıların və beynəlxalq radioların yerli tezliklərdə fəaliyyətinin qarşısının alınması üçün istifadə edir.

Bu da bildirilir ki, hökumət media əməkdaşlarının təqibində onların böhtan maddəsi ilə məhkəmələrə çəkilməsi və ya onların xuliqanlıq kimi əlaqəsiz ittihamlarla mühakimələrə verilməsi praktikasından jurnalistləri qorxutmaq üçün istifadə edir.

Royters agentliyi bu sənədi belə şərh edib ki, İnsan Haqları Komitəsi Azərbaycanı ölkədə insan haqlarının vəziyyəti ilə bağlı rəsmən pisləyib.

Komitəyə daxil rəsmilər və diplomatlar bildiriblər ki, Azərbaycan tərəfi insan haqlarına dair qlobal paktları pozmasını inkar edir.

Onlar bildiriblər ki, əslində daha sərt olmalı pisləmə, rəsmi Bakıya vəziyyəti dəyişmək üçün tövsiyələr şəklində təqdim olunub.

BMT-nin rəsmi hesabatında o da bildirlir ki, jurnalistlərin qətli və həbsləri, bir başqalarının polis nəzarətində ikən ölməsi, müxalifətin mitinq və yürüşlərinə qadağan qoyulması məsələləri rəsmi Bakıdan sorğu-sual edilib.

Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov izah edib ki, jurnalistlər qanun pozuntularına görə həbs ediliblər.