İranda mötəbər islahatçı azad edilə bilər

İran ədliyyə nazirliyinin sözçüsü bildirir ki, prezident seçkilərindən sonra baş verən zorakılıqlar zamanı həbs edilən tanınmış islahatçı Səid Həcəryanı nazir Mahmud Haşemi Şahrudinin bu həftənin əvvəllərində verdiyi sərəncama əsasən azad edəcəklər. Dünən İran rəsmiləri iyunun 12-də Mahmud Əhmədinejad yenidən prezident seçildikdən sonra iğtişaşlar zamanı həbs edilənlərdən 140 nəfəri azad ediblər. Milli Məclisin bir nümayəndəsi bildirib ki, 150 nəfər hələ də həbsdə qalır. Onlara qarşı irəli sürülən itthamlar daha ciddidir. İran mətbuatı yazır ki, 20 nümayişçinin məhkəməsi bir neçə gündən sonra başlanacaq. Onlara qarşı irəli sürülən ittihamlar arasında qeyri qanuni silah və qumbara daşımaq da var. Prezident seçkilərindən sonra Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə qarşı baş qaldıran etirazları susdurmaq məqsədilə hökumət orqanları siyasi fəalları, jurnalistləri və başqalarını həbs ediblər.