Nigeriyada hökumət qüvvələri yeni zorakılıq dalğasının qarşısını almağa çalışır

Nigeriyada islamçı yaraqlılarla iki günlük döyüşlər zamanı çoxsaylı insanın həlak olmasından sonra hökumət qüvvələri yeni zorakılıq dalğasının qarşısını almaq üçün ölkənin şimalında keşik çəkirlər. Hökumət Yobe, Kano, Bauçi və Borno ştatlarında qarşıdurma zamanı 55 adamın öldüyünü bildirib. Ancaq hadisələrin şahidi olmuş yerli sakinlər və jurnalistlər ölüm hallarının 150-dən çox olduğunu dilə gətirir. Zorakılıqlar bazar günü islamçı yaraqlı qrupun Bauçi ştatında polis bölməsinə hücum etməsindən sonra baş qaldırıb. Onların bölməyə hücum etməsinin səbəbi liderlərindən bir neçəsinin həbs edilməsi olub. Hücumlar ikinci gün Yobe, Kano və Borno şəhərlərinə yayılıb.