Bu həftə Ankarada Türkiyə və Avropa Birlyinə üzv olan dörd ölkənin Avropanı alternativ yanacaqla təmin edəcək Nabukko kəmərinin tikintisinə dair razılaşma imzalaması Moskvada qayğıyla qarşılandı.
Rusiyanın aparıcı qəzetləri bu sazişi Moskvanın Avropaya çəkmək istədiyi yeni kəmər layihələrinə zərbə kimi qiymətləndirirlər.
Rəsmi Rossiyskaya Qazetanın yazdığına görə, eksperlər uzun müddət Nabukkonu “ölü doğulmuş layihə” adlandırırdılar, amma indi vəziyyət dəyişib.
Ancaq Moskvadakı müstəqil Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Amerikanın Səsinə deyib ki, Nabukko Avropanın Rusiya qazından asılığını azaltmayacaq. Səbəb isə onun fikrincə, kəmərin daşıma qabiliyyətinin aşağı olması və qitənin özünün qaz istehsalının azalmasıdır.
Simonov deyir ki, Nabukkonun 2015-ci ildə illik qaz nəqli qabiliyyətinin cəmi 31 milyard kubmetr olacağını nədənsə, hamı unudur. Üstəlik o vaxta qədər isə, Avropanın özünün qaz istehsalının 67 milyard kubmetr azalacağı gözlənilir.
Simonovun fikrincə, bu o deməkdir ki, həmin dövrdə təkcə Avropanın özünün qaz itkilərini ödəmək üçün iki Nabukko lazımdır.
Bununla yanaşı, Ankaradakı imzalanma mərasımındə ABŞ-ı təmsil etmiş senator Riçard Luqar Nabukkonun Rus qazına alternatov olacağına dair fikirlərə Vaşinqtonun mövqeyini açıqlayıb.
Luqar deyir ki, bundan sonra Rusiyanın qaz bazarında iştirakı siyasi və yaxud iqtisadi təzyiqlə yox, məhz rəqabət əsasında olacaq. “Bu, həqiqi biznes partnyorluğudur”- deyə senator vurğulayıb.
Avropa Komissiyasının prezidenti .hose Manuel Barroso isə deyir ki, Nabukko qaz qaynağlarını müxtəlifləşdirməklə yanaşı, həm də etibarlı müştəri və tədarükçüləri bir araya gətirəcək.
Rusiyalı eksperlər isə diqqəti ona yönəldirlər ki, Nabukko Türkiyə ərazisindən keçəcəyi üçün məsələn, PKK-nın sabotajlarına hədəf ola bilər.
Digər tərəfdən isə, hələlik kəməri qazla təmin edəcək ixraçatçılarla da heç bir müqavilə yoxdur. İran, İraq və Misir kimi potensial təminatçıların isə bu kəmərdə iştirakı hələ sual altındadır.
Rusiyanın baş naziri Vladimir Putun Nabukkonun tikintisinə qarşı olmadığını desə də, iki ay əvvəlki bəyanatlarında o, qazın mənbəyi məlum olmadan, boru xətti tikməyi özünün təbirincə, “molyonlarla dolları torpağa basdırmaq” kimi qiymətləndirmişdi.
Əslində isə Nabukko Rusiyanın Xəzər və Orta Asiya qazının Ukraynadan yan keçməklə, Qara dəniz vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Cənub Axın kəmərinə rəqabət təşkil edəcək.
Rusiya bu kəmərə görə Qafqazdakı potensial ixracatçılara səxavətli təkliflər irəli sürüb. Ötən ay Moskva Azərbaycanı hər kubmert üçün 350 dollar dəyərində qaz satışına razı sala bildi. Bu anlaşmaya görə, Bakı Rusiyaya 500 milyon kubmetr qaz satacaq. Ekspertlər isə imzalanmış sazişin Nabukkoya qarşı olduğunu düşünürlər.
Ancaq Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov ölkəsinin bu Qərb kəmərinə dəstək verməyə hazır olduğunu açıq şəkildə ifadə edib. Baxmayaraq ki, bu yaxınlarda digər oyunçu Çin də Türkmənistanla 30 milyard kubmetr qaz tədarükü barədə saziş imzalamışdı.
Ekspert Konstantin Simonova görə, əslində Cin-Türkmən anlaşması Rusiyanın bi regionda tranzit monopoliyasını qıra bilər. Ancaq o deyir ki, mənzərə elə də pis deyil, çünki qaza dünyada tələb artmaqdadır.