ABŞ Senatında Ali Məhkəməyə nominasiya edilmiş Sonya Sotomayorun təsdiqinə dair dinləmələr başlayıb

ABŞ Senatında Ali Məhkəməyə nominasiya olunmuş Sonya Sotomayorun bu vəzifəyə təsdiqi ilə bağlı dinləmələr keçirilir. Təsdiq olsa, Nyu Yorkdan 55 yaşlı Sotomayor Ali Məhkəmənin ilk ispan mənşəli və üçüncü qadın hakimi olacaq. O bu vəzifədə hakim Deyvid Soteri əvəz edəcək.

Demokratlar Sotomayorun asanlıqla təsdiq ediləcəyini gözləyirlər.

Respublikaçılarsa Senatın Ədliyyə komitəsində Sotomayora ciddi, lakin ədalətli suallar veriləcəyinə söz verirlər. Respublikaçıların bildirdiyinə görə, onlar Sotomayorun ictimaiyyətə verdiyi açıqlamalar və onun irqi məsələyə dair fikirlərilə bağlı suallar qaldıracaqlar.

ABŞ prezidenti Barak Obama Sonya Sotomayora dünən zəng edərək ona müvəffəqiyyət arzulayıb. Ağ Evin mətbuat katibi Robert Gibss prezidentin Sotomayorun təsdiq ediləcəyinə əminliyini ifadə etdiyini bildirib.