Rusiya Türkiyəyə Cənub Axını qaz kəmərinin inşasında iştirak etməyi təklif edib

Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, Moskva Türkiyəyə təbii qazını Qara dənizdən Rusiya və Qərbi Avropaya aparacaq Cənub Axını kəmərinin inşasında iştirak etməyi təklif edib. Bu barədə xəbərlər dünən Rusiyanın baş nazir müavini İqor Seçinlə Türkiyənin enerji naziri Taner Yıldız arasında keçirilən danışıqlardan sonra yayılıb. Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Rus həmkarı Sergey Lavrovla Moskvadakı görüşündən sonra Türkiyənin enerji sahəsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu deyib. Cənab Lavrov da məsələ barədə razılığa gəlindiyi təqdirdə Rusiyanın enerji sahəsində əməkdaşlığı məmnunluq hissi ilə qarşılayacağını söyləyib. Türkiyənin təklifə əsasən kəmərin inşasında nə kimi rol oynayacağı barədə detallar açıqlanmayıb. Rusiya ümid edir ki,Cənub Axını vasitəsilə Orta Asiya ölkələrinin təbii qazını Avropaya nəql etsin. Cənub Axını layihəsinə əsasən tikilməsi nəzərdə tutulan qaz kəməri Qara Dənizin dibindən, bir neçə Balkan ölkəsindən keçərək, Avropaya çatacaq. Avropa Birliyi Orta Asiya qazının rəqib Nabukko qaz kəməri layihəsi vasitəsiylə nəqlinə üstünlük verir. Nabukko qaz kəmərinin Rusiya, Ukrayna və Qara Dənizdən yan keçərək Gürcüstan və Türkiyə Ərazisindən Avropaya çıxışı nəzərdə tutulur.