Freedom House: Azərbaycanda demokratik idarəçiliyin vəziyyəti daha da pisləşib

Berlin Divarının çökməsindən az qala 20 il sonra Freedom House-un yeni hesabatında Mərkəzi Avropa və Avrasiyada demokratiyanın dərin tənəzzülü qeyd olunur. İlk dəfə olaraq Rusiya bərkimiş avtokratik dövlətlər sırasına daxil edilib. “Keçiddə olan Millətlər” başlıqlı hesabatda bildirilir ki, 2008-ci ildə 29 sabiq kommunist dövlətləri arasında 18-də demokratiya geriləmələrə məruz qalıb. Geriləmələrin ən bariz formaları hökumətlərin sivil cəmiyyətə tətbiq etdiyi məhdudiyyətlər, antidemokratik idarəçilik üsulları və ədliyyə orqanlarının zəifləməsi olub. Habelə elektoral proses, müstəqil media, yerli idarəçilik və korrupsiya sahələrində də ciddi geriləmələr qeydə alınıb.


Sənəddə demokratik dövlətlərlə avtoritar dövlətlər arasında yaranmış uçurumun bir qədər də dərinləşdiyi qeyd olunur. Ən çox geriləmə isə petro-dövlət adlandırılan Azərbaycanda baş verib. Cənubi Qafqaz respublikaları arsında ən pis göstəricilər qazanan Azərbaycanda demək olar ki, bütün kateqoriyalar üzrə vəziyyət pisləşib. Milli demokratik idarəçiliyə gəldikdə 2008-ci il ərzində prezidentin səlahiyyətləri xeyli genişləndirilib. Konstitutsiyada hakimiyyət bölgüsü prinsipi öz əksini tapmasına baxmayaraq prezident büsbütün qanunverici və ədliyyə orqanlarına nəzarət edir. Bu xüsusda prezident İlham Əliyevin rəqabətsiz seçkilərdə rəsmi açıqlamalara görə 89 faiz səs alması qeyd olunur. 1995-ci ildən bəri Azərbaycanda keçirilən heç bir seçkinin azad və ədalətli olmadığını bəyan edən ATƏT missiyası 15 Oktyabr seçkilərinin qeyri aktiv siyasi debatlar və məhdud media atmosferində keçdiyini bildirib. Bundan əlavə 2008-ci ildə İlham Əliyevə ömürlük hakimiyyət bəxş edəcək konstitutsiya dəyişikliklərinə hazırlıqlar başlanıb.

Azərbaycanda sivil cəmiyyətin göstəriciləri də aşağı olaraq qalır. Ölkədə sosial etinasızlıq və fəallığın az olmasından əlavə hökumətin tətbiq etdiyi qanuni maneələr və vergi siyasəti də QHT sektorunun inkişafına əngəl törədir. Azərbaycanda 1400 QHT qeydə alınıb ki, bunlar yalnız 150-si həqiqətən fəaliyyət göstərir. Onların da cəmi 15-i effektivdir. Hökumət QHT-lərlə məsləhətləşməni dövlət səlahiyyətlərinə zərbə kimi qiymətləndirir.

Müstəqil media kateqoriyasında peşəkar fəaliyyətinə görə həbs olnumuş azı 4 jurnalist həbsdə qalıb. Hökumət elektronik mediaya geniş nəzarət edir və alternativ informasiya mənbələrini susdurur. İlin sonunda Azərbaycan hökuməti Amerikanın Səsi, Azadlıq Radiosu, və BBC-nin yerli tezliklərdə fəaliyyətini dondurdu. Çoxsaylı çağırışlara baxmayaraq rəsmi Bakı diffamasiya haqda qanunu dekriminallaşdırmaqdan imtina edir. Bunun nəticəsi olaraq böhtan ittihamları ilə jurnalistlər ağır şəkildə cəzalandırılır.

Yerli idaərçilik, ədliyyə və korruspiya sahələrində də Azərbaycanda vəziyyət ağırlaşmaqda davam edib. Azərbaycan ratifikasiya etditiyi Avropa Yerli Özünüidarə Xartiyasına məhəl qoymayaraq rayonlarda idarəçiliyi prezidentin təyin etdiyi şəxslərə həvalə edib. Ölkənin heç bir hissəsində, o cümlədən paytaxt Bakıda bələdiyyə orqanları həqiqi hakimiyyətə malik deyil. İcra hakimiyyətinin diktəsi altında çalışan məhkəmə orqanları korrupsiyaya uğrayıb. Hakimlər mütəmadi qaydada rüşvət alır. Sifarişlə işləyən hakimlər bir sıra hallarda həbs olunan şəxslərin vəkilə çıxışını təmin etmədən bir neçə saat içərisində müttəhimləri həbs cəzasına məhkum edirlər. Korrupsiyaya gəldikdə isə Azərbaycanın Transparency International təşkilkatının son indeksində 180 ölkə arasında 158-ci yer tutduğu qeyd olunur.

2009-cu il üçün Azərbaycanın perspektivlərini proqnozlaşdıran hesabat müəllifləri ölkənin qlobal iqtisadi böhranın təsirlərinə məruz qalacağını deyir. Artan işsizlik və sosial gərginlik siyasi fəaliyyətdə aktivləşməyə səbəb ola bilər. Azadlıqlara gəldikdə hökumət tənqidçi səsləri susdurduqca və beynəlxalq ictimaiyətin çağırışlarını qulaq ardına vurduqca vəziyyət acınacaqlı olaraq qalacaq.