ABŞ rəsmisi Pakistan baş naziri ilə görüşüb

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons Pakistan liderləri ilə danışıqlar aparmaq üçün bu gün İslamabada gedib.

Cons təhlükəli regionlarda ABŞ-ın yeni strategiyasını müzakirə etmək üçüb Pakistanın baş naziri Yusif Rza Gilani ilə görüşüb. O, habelə Hindistana yola düşməmişdən əvvəl Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşməyi planlaşdırır.

Dünən ABŞ Senatı Pakistana il ərzində ayrılacaq qeyri-hərbi yardımın 1.5 milyard dollar qədər artırılması barədə qanun layihəsini təsdiq edib. Yekdilliklə qəbul olunan qanun habelə qarşıdakı 5 il ərzində ölkədə siyasi və iqtisadi inkişafı nəzərdə tutan proqramlara 7.5 milyard dollar ayrılmasını məsləhət görür.

Respublikaçıların Senatın Xarici Əlaqələr Komitəsində nüfuzlu nümayəndəsi senator Riçard Luqar deyib ki, bu qanun Pakistanla sabit iqtisadi və siyasi əlaqələrin inkişafını önə çəkir.