Barak Obama səhiyyə sistemində islahatlar üçün nadir bir plan üzərində iş apardığını deyir

ABŞ prezidenti Barak Obama səhiyyə sistemində islahatlar üçün Amerikansayağı nadir bir plan üzərində iş apardığını deyib. Ağ Evdə təşkil edilən forum zamanı dövlət başçısı bildirib ki, hazırkı sistem yararsızdır və bu, istehlakçılar, bizneslər və federal hökumətin iflasına yol aça bilər. Prezident Obama səhiyyə xərclərinin azaldılması və sistemin daha effektiv hala salınmasının təminat altına alınmasının vacibliyini vurğulayıb.

ABŞ prezidenti bir daha öz siyasətini müdafiə edərək, amerikalıların hökumətin səhiyyə planlarına müraciət edə bilməsindən danışıb. Cənab Obama deyib ki, yeni plan üzəl sığorta şirkətlərinə rəqabət yaradaraq, səhiyyə xərclərinin azalmasına yardım edəcək.

Lakin respublikaçılar və hətta bəzi demokratlar bu planın əleyhinə çıxış edir. Onlar bu proqramın özəl sığorta şirkətlərini biznesdən kənarlaşdıracağından ehtiyat edir. Hökumətin sponsorluğu ilə sığorta sisteminin təsisinə çalışan Barak Obama respublikaçıların etirazının yalnız ideologiyaya əsaslandığını deyib.