Dəyirmi Masa: İranda etiraz dalğası

Iranda prezident seçkilərinin nəticələrinə qarşı düzənlənən etiraz dalğası yüksəlməkdədir. Hər gün on minlərlə adam Tehran və başqa şəhərlərin küçələrinə axışaraq səslərinin oğurlandığını iddia edir və namizəd Mir Hüseyn Musəviyə dəstəklərini izhar edirlər. Bir çox müşahidəçilər İranda cərəyan edən aksiyaları 1979-cu il İslam İnqilabından bəri hakimiyyətə qarşı ən ciddi mübarizə hərəkatı kimi dəyərləndirir. İslam Respublikasında baş verənləri müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə politoloq Zərdüşt Əlizadə və millət vəkili Nəsib Nəsiblini dəvət etdik.

Millət vəkili Nəsib Nəsibli İranda cərəyan edən hadisələrin İslam İnqilabından bəri misli olmadığını önə çəkdi. Onun sözlərinə görə iri şəhərlərdə keçirilən nümayişlər iranlıların son 30 ildə üst-üstə yığılmış narazılıqlarını və istibdada etirazlarını əks etdirir. Xalqın böyük kəsimi İslam Respublikasında mövcud olan hakimiyyətin ölkədə tətbiq etdiyi məhdudiyyətlərdən cana doyub və dəyişiklik istəyir. Bununla belə, cənab Nəsibli əlavə etdi ki, hazırda İranda ali səviyyədə cərəyan edən mübarizə rejimdaxili çəkişmə kimi də dəyərləndirilə biləıər. Belə ki, müxalifətin başında bir vaxtlar İslam İnqilabında görkəmli rol oynamış siyasi xadimlər və sabiq dövlət rəsmiləri dayanır. Baş qaldıran qəzəb dalğasına güc verən faktorlardan biri də məhz bu elementdir. Bir tərəfdə prezident Mahmud Əhmədinejad və ali dini rəhbər ayətulla Əli Xameneyi daxil olmaqla status-kvonu himayə edən qüvvələr, əks cəbhədə isə sabiq baş nazir Mir Hüseyn Musəvi və sabiq prezidentlər Əli Əkbər Haşemi Rəfsəncani və Məhəmməd Xətəminin davamçıları dayanıb.

Söhbətə qoşulan politoloq Zərdüşt Əlizadə İranda baş verən hadsiələri tarixi adlandırdı. Onun fikrincə müşahidə olunan etirazlar cəmiyyətdə demokratiya təmayülünün güclənməsindən xəbər verir. O, əmin olduğunu bildirdi ki, milyonlarla insanın dirənişi qarşısında rejim geri çəkilməyə məcbur ediləcək. Əks təqdirdə isə İranda İslamçı rejim bütövlükdə süqut təhlükəsi ilə üzləşir. İran hadisələrinin həmin ölkədə yaşayan Azərbaycan türklərinə təsirinə gəldikdə, cənab Əlizadə məsələlərə ümumi prespektivdən baxmağı tövsiyə edir. Onun fikrincə, sıravi Azərbycan türklərinin durumu İranda yaşayan başqa etnik qrupların üzvlərinin öz azadlığını əldə edə bilməsi ilə sıx bağlıdır. Əgər Tehranda demokratik və liberal hökumət formalaşarsa, bu, onun fikrincə, bilavasitə azərbaycanlıların hüquqlarının qorunmasına xidmət edəcək.