ABŞ-ın keçmiş prezidenti Karter Həmas rəsmilərilə görüşmək üçün Qəzzadadır

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter Qəzza zolağına səfəri zamanı bu ilin əvvəli İsrailin Qəzzada hərbi əməliyyatları nəticəsində dağıntılara görə təəssüf, qəzəb və ümidsizlik hissləri keçirdiyi deyib.

Cənab Karter bu gün Fələstin ərazilərinin bir hissəsində olub və Qəzzaya nəzarət edən Həmas qrupunun yüksək səviyyəli rəsmilərilə görüşüb.

Həmas lideri İsmayıl Həniə ilə birgə mətbuat konfransında cənab Karter deyib ki, o, Fələstinin rəqib fraksiyaları olan Həmas və Fətahın regional sülh naminə barışacaqlarına ümid bəsləyir.

Cimmi Karter ABŞ hökumətini təmsil etmədiyini vurğulayıb, lakin deyib ki, prezident Barak Obamanın Fələstin dövlətinin yaradılması çağırışına dəstək verir.

Cənab Həniə Fələstin dövlətinin İsrail İordan çayının Qərb sahili, Şərqi Qüds və Qəzzanı 1967-ci ildə ələ keçirməsindən öncəki sərhədlər çərçivəsində yaradılmasını dəstəklədiyini deyib.

Cimmi Karterin 2006-cı ildə Qəzza zolağında ələ keçirilmiş İsrail əsgəri Gilad Şalitin ailəsindən məktubu Həmasa çatdıracağı bildirilib. İsrail əsgəri Qəzzada İsrail və Həmas arasında atəşkəsə dair danışıqların diqqət mərkəzindədir.

ABŞ-ın keçmiş prezidenti habelə xəstəxanaya baş çəkib və BMT-nin yardım agentiyinin işçilərilə görüşüb.