Dəyirmi Masa: İranda prezident seçkiləri

Cümə günü İranda prezident seçkiləri keçiriləcək. Dünya ictimaiyyətinin yaxından izlədiyi bu səsvermədə kimin qalib gələcəyi təkcə İran əhalisi deyil, bütün region üçün həyati əhəmiyyət daşıyır. Son günlər İran şəhərlərində cərəyan edən siyasi dalğanı bəzi ekspertlər Gürcüstan və Ukraynada baş vermiş məxməri inqilab atmosferinə bənzədir. İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın başlıca rəqibi sayılan Mir Hüseyn Musəvinin tərəfdarları iqtisadi, sosial və siyasi problemlərdən bezdiklərini deyir və fundamental dəyişikliyə can atırlar. İranda təlatümlü prezident seçkilərini müzakirə etmək üçün dəyirmi masa söhbətimizə politoloq Rasim Musabəyli və Kanadada yaşayan jurnalist İnsafəli Hidayəti dəvət etdik.

Hazırda İranda cərəyan edən prosesləri səciyyələndirərkən jurnalist İnsafəli Hidayət indiki seçkilərin başqalarından kəskin fərqləndiyini dedi. Onun sözlərinə görə siyasi müstəvidə müşahidə olunan debatlar və protestlərin şəffaflığı İslam Respublkasında misli görünməmiş fenomenlərdir. Bakıdan siyasi ekspert Rasim Musabəyli İrandakı hadisələri kənardan izləyən müşahidəçi kimi həmin ölkədə ciddi dəyişiklik yaşanması qənaətində olduğunu bildirdi. Politoloq qeyd etdi ki, İranda siyasi dəyişikliyə böyük həvəs var, və ölkənin hakim elitası bu həvəsin qarşısını tam almaqda çətinlik çəkir. Seçki prosesi xalqa öz səsini ifadə etmək imkanı verib və bir çox iranlılar rejimə etiraz səslərini ucaldırlar.

Aparıcı namizədlərin göstəricilərindən bəhs edərkən söhbət iştirakçıları Mahmud Əhmədienjadla Mir Hüseyn Musəvi arasında mövcud olan təzadları vurğuladılar. Cənab Musabəylinin sözlərinə görə Əhmədinejadın 4 illik hakimiyyəti dönəmində İran ciddi beynəlxalq və iqtisadi problemlərlə üzləşib. Onun tətbiq etdiyi soisial məhdudiyyətlər bir çox iranlılarda dəyişikliyə güclü meyl yaradıb. Etiraz dalğasını təmsil edən vətəndaşların gözündə bu dəyişikliyin simvolu Mir Hüseyn Musəvidir. İnsafəli Hidayət Musəvinin rejimin müəyyən etdiyi namizəd olduğunu önə çəksə də, bir sıra mühüm məsələlərdə onun daha islahatyönümlü və liberal baxışlar sərgilədiyini söylədi.

İranda prezident seçkilərinin beynəlxalq təsirlərindən danışan iştirakçlar Əhmədinejadın yenidən hakimiyyətə seçilməsinin İranla beynəlxalq ictiamiyyət arasında qarşıdurmanı gücləndirəcəyini bildirdilər. Eyni zamanda cənab Hidayət əlavə etdi ki, son dövrlərdə prezident Əhmədinejadın mövqeyində müəyyən yumşalma hiss olunur, və güman etmək olar ki, o, prezident seçildiyi təqdirdə indiyədək yürütdüyü siyasətdən fərqli kurs yürüdüəcək.

İranda prezident seçkilərinin o ölkədə yaşayan Azərbaycan Türklərinə təsiri barədə danışan İnsafəli Hidayət ilk dəfə olaraq İranın rəsmi dairələrində qeyri-fars millətlərinin mövcudluğunun tanınmasını müsbət bir hal kimi dəyərləndirdi. Onu sözlərinə görə əslən azərbaycanlı olan Mir Hüseyn Musəvi güman ki, təhsil və mədəni hüquq məsələlərində Azərbaycan Türklərinin maraqlarına uyğun addımlar atacaq. Cinab Hidayətin fikrincə son seçkilərdə nəzərə çarpan ən mühüm amil Azərbaycan Türklərinin siyasi faktor kimi öz iradələrini nümayiş etdirməsidir ki, bu, da onların İran siyasətindəki nüfuzuna dəlalət edir.