Donetsk mədənində ölənlərin sayı 9-a çatdı

Ukrayna rəsmilərinin dediyinə görə, bazar ertəsi ölkənin şərqindəki mədəndə baş vermiş qəza nəticəsində ölənlərin sayı azı 9 nəfərə çatıb, 4 şaxtaçı isə hələ axtarışdadır.

Daha əvvəl rəsmilər hadisə zamanı 6 işçinin öldüyünü bildirirdilər.

Bu gün isə Donetsk regionundakı Skoçinski mədənindən tapılan cəsədlərin sayının 9-a qalxdığı elan olunub.

Rəsmilərin dediyinə görə, mədənə qaz sızması nəticəsində baş verən partlayış zamanı 51 şaxtaçı işdə olub. Onlardan 38-si şaxtadan çıxaraq xilas ola bilib.

Xəbər agentlikləri Skoçinski mədənində iş şəraitinin təhlükəli olduğunu bildirirlər.

Ukraynanın Sovet dönəmindən qalma texnika ilə işləyən kömür hasilatı sektoru son illərdə mütəmadi olaraq faciələrlə üzləşir.