‘Cekson-Venik’ düzəlişinin Azərbaycan üzərindən qaldırılması təklif olunur

ABŞ Konqresi Nümayəndələr Palatasının Avropa Üzrə Alt Komitəsinin sədri və Xarici Əlaqələr Komitəsinin üzvü, konqresmen Robert Veksler və Nümayəndələr Palatasının üzvü, Azərbaycan üzrə Dostluq Qrupunun həmsədri, konqresmen Bil Şuster Cekson-Venik düzəlişinin Azərbaycana münasibətdə ləğv olunmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

Veksler və Şuster hesab edirlər ki, ABŞ-ın strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycan çoxdan mühacirət azadlığı tələblərinə dair öz öhdəliklərini yerinə yetirib.

Konqres Azərbaycana dair Cekson-Venik tələblərini aradan qaldırmalıdır.

1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş Cekson-Venik düzəlişi imiqrasiya hüquqlarını məhdudlaşdıran müəyyən ölkələrə münasibətdə ticarətdə imtiyazlı ölkə rejiminin tətbiqini qadağan edir.

«Mən ABŞ-ın Qafqaz regionunda ən vacib strateji müttəfiqlərindən biri olan, mühacirət azadlığı tələblərinə uyğun bütün öhdəlikləri yerinə yetirmiş və bu öhdəliklərin yerinə yetirilməsini davam etdirən Azərbaycana dair Cekson-Venik düzəlişinin ləğvini tam dəstəkləyirəm”, -deyə konqresmen Veksler bildirib.

O əlavə edib ki, qanun layihəsinin keçidi Amerikanın Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizədə, ticarət də daxil olmaqla, digər sahələrdəki əməkdaşlığın gücləndirilməsi niyyəti haqda güclü siqnal olacaq.

Konqresmen Şuster isə bildirib ki, Nümayəndələr Palatasında Azərbaycan Dostluq Qrupunun həmsədri kimi, o, Azərbaycanla strateji əlaqələrin inkişaf etdirilməsi naminə, konqresmen Vekslerlə işləməyi səbirsizliklə gözləyir.

Şuster diqqəti ona yönəldib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə əvəzsiz müttəfiqdir.

Bununla yanaşı, Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İran ilə həmsərhəd olması onu əsas strateji müttəfiq edir.

“Azərbaycan, həmçinin, dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir və Qafqazda ticarət tərəfdaşı kimi mühüm rolu oynamaqda davam edəcək. Bu qanun layihəsi münasibətlərimizin inkişafı üçün vacibdir”, -deyə müəllif vurğulayıb.