Yüksək rütbəli ABŞ diplomatı deyir ki, Vaşinqton öz regiondakı müttəfiqləri ilə bərabər Şimali Koreyaya izah etməyə çalışır ki, bu ölkənin son nüvə sınağı onu səhv yola qoyub. Seulda jurnalistlərlə danışan Dövlət Katibinin müavini Ceyms Staynberq deyib ki, o, və Cənubi Koreya rəsmiləri Şimali Koreyanı tutduğu yoldan geri dönməyə inandırmağın vacibliyi üzərində razılaşırlar. Əgər Pxenyanın iradəsi çatarsa Vaşinqton və Seul bu ölkəyə nüvə proqramının dayandırılması ilə bağlı danışıqlara qayıtmağa kömək edə bilər. Staynberq bir qrup yüksək rütbəli ABŞ diplomatları ilə birgə Tokyo, Seul və Pekində danışıqlar aparmağı planlaşdırır. Staynberq xəbərdarlıq edir ki, əgər Şimali Koreya tutduğu yoldan geri dönməsə onda Pxenyanı nüvə sınağlarına görə cəzalandırmaq üçün ortada bir sıra seçimlər var.