Transparency International: Azərbaycanda rüşvət geniş yayılıb


Transparency International təşkilatı "Qlobal Korrupsiya Barometri 2009" başlıqlı illik hesabatını açıqlayıb. Hesabatda dünya ölkələrində korrupsiyanın səviyyəsi əks olunur. 69 ölkədə 73132 adam 2008-ci ilin oktyabrından 2009-cu ilin fevralına qədər sorğuya cəlb edilib. 2003-cü ildə start götürəndən bəri ilk dəfə olaraq Azərbaycanı da əhatə edən sorğuların nəticələri göstərir ki, korrupsiyaya ən çox məruz qalan sahələr özəl sektor və dövlət xidmətləridir. Ən geniş yayılmış korrupsiya vasitəsi isə xırda rüşvətlər formasında özünü büruzə verir.

Xırda rüşvətxorluğun ən geniş yayıldığı ölkələr sırasında Ermənistan, Azərbaycan, Kamboca , Kamerun, İraq, Sierra Leone və Uqanda göstərilir. Azərbaycanda politoloq Rasim Musabəyovun rəhbərliyi altında PULS-R Sosioloji Xidmətinin keçirdiyi sorğu müəyyən edib ki, insanlar ən çox dövlət xidmətində çalışan məmurlardan şikayətlidirlər. Azərbaycanlıların 49 faizi məmurları, 29 faizi isə ədliyyə orqanlarını ən korrupsioner təssisatlar hesab edir. "Son 12 ayda siz və ya ailənizin üzvü rüşvət veribmi?" sualına keçmiş Sovet ölkələri arasında müsbət cavab verən ən çox faiz Azərbaycanın payına düşür. Azərbaycan vətəndaşlarının 46 faizi bu müddət ərzində rüşvət verdiklərini açıqlayıblar. Qonşu Ermənistanda bu rəqəm 46 faiz, Gürcüstanda isə cəmi 2 faiz təşkil edir. Onu da qeyd edək ki, bu sahədə Gürcüstanın göstəriciləri Birləşmiş Ştatlar və Kanada ilə eyni səviyyədədir. Maraqlıdır ki, Çili və Yaponiyada insanlar korrupsiyanın səviyyəsinin ekspertlərin hesablamalarından daha yüksək səviyyədə olduğunu güman etdikləri halda Azərbaycan, Belarus və Kamboca kimi ölkələrdə ictimaiyyət korrupsiyanın səviyyəsinin həqiqi göstəricilərdən daha az olması qənaətindədir.

Azərbaycanda vətəndaşların 62 faizi hökumətin korrupsiyaya qarşı mübarizə səylərini qeyri-effektiv hesab edir. Bu sahədə Azərbaycanı üstələyən Gürcüstanda isə əhalinin 57 faizi hökumətin gördüyü tədbirlərin effektiv olduğunu düşünür. Ermənistanda bu rəqəm 38, Moldovadan isə 39 faiz təşkil edir.

Maraq doğuran faktor iqtisadi inkişaf göstəricilərinin cəmiyyətdə korrupsiya haqda mövcud təsəvvürlərə mütənasibliyidir. Məsələn, Şimali Amerika və Qərbi Avropa dövlətlərində korrupsiyanın əsas mənbəyi kimi parlament, siyasi partiyalar və özəl biznes görüldüyü halda, Azərbaycan, Rusiya və Yaxın Şərq ölkələrində başlıca qınaq obyekti dövlət məmurlarıdır.

Dünya boyu korrupsiyanın əvvəlki illərlə müqayisədə genişləndiyini vurğulayan hesabatda təkcə regionlar deyil, habelə siniflər arasında rüşvət hallarında əhəmiyyətli fərqlərin nəzərə çarpdığı qeyd edilir. Məlum olur ki, polis, ədliyyə rəsmiləri və ya torpaq idarələri ilə təmaslarında aşağı sinifli adamlar varlılarla müqasiədə daha çox rüşvət ödəyir. Rüşvətin yayılmasına başlıca səbəblərdən biri kimi vətəndaşların bu haqda şikayət etməməsi və bir çox hallarda onların şikayət mexanizmini effektiv hesab etməməsi göstərilir.