Hərbi ekspert Azərbaycan ordusunda itkilərin səbəbləri barədə 

Bakıdan gələn xəbərlərə görə, ötən axşam Azərbaycan paytaxtında bir hərbi hissədə əsgərlər arasında kütləvi zəhərlənmə baş verib. Hadisəyə vaxtı keçmiş və ya keyfiyyətsiz yeməyin səbəb olduğu bildirilir. Bakıdan hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan ordusunun qida ilə təminatı və əsgərlərın psixoloju durumu ilə əlaqədar Amerikanın Səsinin suallarını cavablandırıb:

Sual: Rəsmən təsdiqlənməmiş məlumata görə, mayın 26-da Qaraheybət Təlim Mərkəzində baş vermiş kütləvi zəhərlənməyə əsgərlərə şam yeməyində verilmiş konservləşdirilmiş balıq səbəb olub. Bir gün əvvəlsə Şəmkirdə hərbi hissədə başqa bir xoşagəlməz hadisə baş vermişdi. Orada bir əsgər digər 4 əsgəri güllələmişdi. Hazırda Azərbaycan ordusunda hərbçilırin pxisoloji durumu və qida ilə təminatına dair sizin mülahizələriniz necədir?

Cavab: Doğrudan da son günlər Azərbaycan ordusunda bir sıra xoşagəlməz hadisələr baş verir. Bunlar fövqəladə dərəcədə, ictimaiyyəti silkələyən hadisələrdir. İstənilən halda, bu cür hadisələri araşdırdıqda, komandir özbaşınalığından və məsuliyyətsizlikdən söhbət etmək lazımdır. Keyfiyyətsiz, vaxtı ötmüş ərzaqların əsgərlərə verilməsi və hərbi hissələrdə əsgərlərlə qeyri-insani davranış sadəcə olaraq vəzifəli şəxslərin məsuliyyətsizliyindən xəbər verir. Biz dəfələrlə demişik ki, əşya, əmlak və ərzaqla bağlı tenderlərə dair ictimaiyyətə ümumiyyətlə, heç bir məlumat verilmir. Bu isə orduya ictimai nəzarətsizlik mühitinin davamına şərait yaradır.

Sual: Bir məqam diqqəti cəlb edir: Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzi Azərbaycan-NATO əməkdaşlığında belə demək mümkünsə, pilot layihədir və birbaşa beynəlxalq ictimaiyyətin diqqətində olan məkandır. Burada baş verən hadisə həm də sizin toxunduğunuz kimi, orduya həqiqi ictimai nəzarəti önə çıxarır...

Cavab: Həmən o təlim mərkəzində bu yaxınlarda NATO-nun da təlimləri keçirilmişdi. Belə bir müasir şəraiti olan hərbi hissədə özbaşınalığa yol verilirsə, digər hərbi hissələrlə bağlı çox ciddi düşünmək lazımdır. Təsəvvür edin ki, 2009-cu ilin 5 ayı ərzində Azərbaycan ordusu 35 nəfər itki verib və bu itkilərin yalnız 20-25 faizi döyüş itkiləridir. Əvvəlki illərlə müqayisə etdikdə, bu tendensiya artan xətlə gedir. Təkcə qida zəhərlənməmlərindən 2003-cü ilin yayından bəri 20-yə yaxın hərbi qulluqçu itirmişik. Çox təəssüflər olsun ki, bu uşaqlar komandir məsuliyyətsizliyinin qurbanı olsalar da, ötən 6 il ərzində heç bir nəticə çıxarılmayıb.

Sual: Siz orduda bu cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirləri zəruri sayırsınız?

Cavab: Kadr siyasətində çox ciddi islahatlar həyata keçirilməlidir. Təsəvvür edin ki, atəşkəs dövründən bu yana bir metr torpaq azad olunmadığı halda, böyük bir motoatıcı briqadanın şəxsi heyətinin sayı qədər hərbi qulluqçu dünyasını dəyişib. Vəzifələrə təyin olunan şəxslər məsuliyyət dərəcələrini sonadək anlamırlar.