Dövlət Departamenti yüksək vəzifəli rəsminin İrana səfəri barədə xəbəri təkzib edib

ABŞ Dövlət Departamenti Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə Riçard Holbrukun baş məsləhətçisi Vəli Reza Nəsrin İrana getdiyi barədə İran mediasında çıxan xəbərləri təkzib edib. Dövlət Departamentinin sözçüsü İan Keli deyib ki, bu gün cənab Nəsr, Vaşinqtondakı ofisində olub və Tehrana səfər etməyib.

İranda dövlətə məxsus 'Press TV' ölkədəki başqa xəbər mənbələrinə istinad edərək cənab Nəsrin əvvəlcədən elan etmədən Tehrana gəlməsi barədə xəbər yayıb. İran hökuməti bu xəbəri təsdiq etməyib, ancaq xarici işlər naziri Mənuçöhr Mottəki onun İran mənşəli olduğuna işarə etməklə Tehrana səfərinə etiraz etməyəcəyini deyib. Cənab Mottəki söyləyib ki, hər bir iranlı kimi İranda anadan olmuş Vəli Reza Nəsrin də bu ölkəyə səfəri problem təşkil etmir.

İranın media xəbərlərində cənab Nəsrin iddia edilən səfərinin İran mənşəli amerikalı jurnalist Roksana Saberinin azadlığa buraxılması ilə əlaqəsi olduğu irəli sürülüb.