Alban diplomatı Türkiyədə həbs olundu

Albaniya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Türkiyə polisi bir alban diplomatını narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edib.

Nazirliyin dünən axşam yaydığı bəyanata görə, Agim Haksiu Türkiyənin qərbində həbs edilib.

Polis şənbə günü onun avtomobilində apardığı axtarış zamanı külli miqdarda narkotik maddə aşkar edib.

Haksiu Albaniyanın Makedoniyadakı səfirliyinin ikinci katibidir.

Nazirlik Türkiyədə mühakimə olunacaq diplomatının toxunulmazlıq hüququnun olduğunu xatırladıb.

Yerli xəbər agentliklərinin bildirdiyinə görə, polis diplomatın avtomobilində 65 kiloqram heroin tapıb.

BMT-nin Beynəlxalq Narkotik Nəzarəti Bürosunun bildirdiyinə görə, Türkiyə və Balkan ölkələri Əfqanıstandan və Asiyanın qərbindən Avropaya narkotik qaçaqmalçılığında əsas tranzit rolu oynayırlar.