Meksika ölkədə yayılmaqda olan ölümcül virusa qarşı mübarizə məqsədilə
beş gün müddətinə bir sıra hökumət orqanlarının işini və iqtisadi
fəaliyyətləri dayandırmaq haqda qərar verib. Bu arada, Ümumdünya
Səhiyyə Təşkilatı xəstəliyin adını rəsmi olaraq dəyişdirib. Xəstəliyin
adı bundan sonra donuz qripi deyil. Ümumdünya Səhiyyə təşkilatı indi bu ölümcül xəstəliyə “İnfluenza
A-H1N1” adını verib. Qripin virusunun bu növü asanlıqla bir insandan o
birisinə keçir və ciddi hallarda ölümlə nəticələnir.
Birləşmiş
Ştatlarda bu günə qədər 109 hal qeydə alınıb. ABŞ xəstəliyin dünya
üzrə ən çox yayıldığı ikinci ölkədir. H1N1 virusunun ən çox yayıldığı
ölkə isə Meksikadır. Burada iki mindən artıq insanın virusa yoluxduğu
bildirilir. Xəstəliyin daha da çox yayılmasının qarşısını almaq üçün
Meksika hökuməti ofislər, restoranlar, məktəblər və futbol
stadionlarının beş gün ərzində bağlanması haqda qərar verib.
ABŞ-da
da artıq bir neçə məktəb bağlanıb. H1N1 qripinin diaqnozu üçün
şəhərlər və ştatlara testlər göndərilib. Bununla səhiyyə rəsmilərinin
virusu daha asanlıqla müəyyən etməsinə imkan yaradılır.
Bu
arada, Ümumdünya Səhiyyə təşkilatı bildirir ki, dünya ölkələrində
alimlər xəstəliyin virusuna qarşı peyvəndin hazırlanması üzərində
işləyirlər. Lakin peyvəndin tapılması təxminən üç ay və bundan daha
artıq vaxt tələb edə bilər. Alimlər hələlik heyvanlar üzərində testlər
keçirib modellərin insanlar üçün yararlı olub-olmamasını müəyyən
etməlidirlər.
Əsas məsələ təcili ehtiyac və peyvəndin yan təsirləri
kimi risk arasında balansı saxlamaqdır. Alimlər bu günə kimi 1976-cı
ildə ABŞ-da kütləvi peyvənd kampaniyasının nəticələrini xatırlayırlar. O zamanda epidemiya olmasa da, peyvənd nəticəsində yaranmış nevroloji xəstəlik 30
adamın ölümünə səbəb olmuşdu.
Eksepertlər deyir ki, H1N1 qripi bu ilin sonunda yenidən
yayıla bilər. Ümumdünya Səhiyyə təşkilatı isə bütün dünya ölkələrinə epidemiya zamanı faəliyyət planı hazırlamağı tövsiyə edib.