İlham Əliyev Brüsseldə Türkiyə-Ermənistan münasibətləri barədə açıqlamalar verib

Belçikada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Komissiyasının sədri Xoze Manuel Barroso ilə görüşündə Türkiyə-Ermənistan yaxınlaşmasını da müzakirə edib.

Amerikanın səsinin Brüsseldəki müxbirinin göndərdiyi məlumata görə, İlham Əliyev deyib ki, Azərbaycan "heç bir dövlətin daxili işlərinə və iki ölkə arasında münasibətlərə qarışmır".

Əliyev qeyd edib ki, Türkiyə və Ermənsitanın öz münasibətlərini necə davam etdirmələri onların öz seçimidir.

Bununla yanaşı, prezident sərhədlərin bağlanmasının köklərinə işarə edərək, Türkiyənin bu addımı1993-cü ildə Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində atdığını xatırladıb və deyib ki, işğal bu gün də davam edir.

"Biz iki ölkə arasında münasibətlərin inkişafını n qarşısını alacaq və yaxud onları davam etdirəcək mövqedə deyilik. Mən yalnız bir şeyi deyərdim ki, regiondakı bu yeni reallıqlara uyğun olaraq, bizim də öz siyasətimizə yenidən baxmaq hüququmuz var və biz bu hüquqdan istifadə edəcəyik”, - deyə Əliyev vurğulayıb.

Azərbaycan prezidenti Türkiyə ilə Ermənistan arasında açıqlanan “Yol xəritəsi” barədə ayrı-ayrı mənbələrdən ziddiyyətli məlumatlar aldığını deyərək vurğulayıb ki, bəzi mənbələr «yol xəritəsi»ndə əvvəlcədən şərt qoyulmadığını, bəziləri isə şərtsiz olmadığını bildirir.

Əliyev daha sonra fikirlərini belə davam etdirib:

«Dünyanın, bölgənin və Azərbaycan xalqının nə baş verdiyini bilmək hüququ var. Dağlıq Qarbağ probleminin həlli Türkiyə-Ermənistan yaxınlaşmasından ayrı tutulurmu? Bu, sadə bir cavaba ehtiyacı olan sadə bir sualdır”.

Barroso isə deyib ki, Avropa Türkiyə-Ermənistan yaxınlaşmasına tərəfdar olsa da, bu, Dağlıq Qarabağ probleminin həllini istəmədikləri mənasına gəlmir.