ABŞ-ın terror şübhəlilərini dindirmə metodları

Obama administrasiyası deyir ki, terror şübhəlilərinə qarşı sudaboğma və bir çox başqa işgəncə növlərindən istifadə edən Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəsmiləri məhkəmə ittihamları ilə üzləşməyəcək. Keçən həftə Obama administrasiyası Buş dövründən qalan mübahisəli dindirmələrə icazə verən 4 hüquqi sənəd açıqlayıb.

Dindirmə metodlarını əks etdirən 4 sənədə məhkumların divara çırpılması, yuxusuz saxlanması, sillələnməsi və sudaboğma simulyasiyası daxildir.

Bunlar Corc Buş hakimiyyəti dövründə Ədliyyə Naziriliyi tərəfindən qeydə alınıb.

Obama administrasiyası Amerika Vətəndaş Azadlıqları Birliyinin məhkəmə iddiasına cavab olaraq bu sənədin ictimaiyyətə açıqlanması haqda göstəriş verib. Antoni Romero Birliyin icraçı direktorudur:

"Bu memolar bizə aydınca göstərir ki, qanunlar pozulub və Ədliyyə Nazirliyi qeyri-qanuni dindirmə üsullarından istifadə edib".

Prezident Barak Obama açıqlamasında deyib ki, ölkə qaranlıq və çətin dövr keçirib. Onun sözlərinə görə, bu növ dindirmələri həyata keçirənlər məhkəməyə çıxarılmayacaq. Ancaq o, səlahiyyətlərini aşan şəxslərin ittiham olunmasını istisna etməyib.

Corc Buşun prezidentliyi dövrü Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olmuş Maykl Hayden dindirmə metodlarının açıqlanmasını tənqid edərək deyib ki, indi xarici ölkələr ABŞ-la əməkdaşlığa can atmayacaq. Ədliyyə komitəsinin rəhbəri, senator Patrik Lihi müstəqil komissiyanın yaradılmasına çağırıb: "Bu iddia haqda dinləmə keçirmək üçün müstəqil qurumun yaradılması vacibdir. Əgər obyektiv və müstəqil mühakimə aparılmasını istəyiriksə, başqa addımlar da atılmalıdır."

Filip Sands Londonda Universitet Kollecinin hüquq üzrə professorudur: "Fikrimcə, mənim kimi bir çoxları düşünür ki, bu məsələni ABŞ özü araşdırmalıdır. Bu, senator Lihinin təklif setdiyi kimi Konqres dinləmələri və həqiqət və barışıq komissiyası vasitəsilə həyata keçirilə bilər." Ancaq bəziləri hesab edir ki, kəşfiyyat faktlarının ictimaiyyətə bu qədər açıqlanması onu zəiflədə bilər.

Frank Qafni paytaxt Vaşinqtonda milli təhlükəsizlik məsələləri ilə məşğul olan araşdırma institutu Təhlükəsizlik Siyasəti Mərkəzinin prezidentidir: "Agentliyin bir əməliyyatçısının gələcəkdə görəcəyi hansısa bir işin doğruluğu barədə şübhə yarana biləcəyi və hətta buna görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini fikirləşməsinə yol vermək təhlükəli bir səhvdir".

Prezident Obama araşdırma aparılmasına üstünlük vermədiyini bildirib. O deyib ki, keçmişdə baş verənlərin ittihamına enerji və vaxt sərf etməklə heç nəyə nail olmayacayıq.