Gürcüstan müxalifəti prezident Mixail Saakaşviliyə
qarşı davam edən küçə nümayişlərini Tbilisidə hökumətin nəzarətində olan
tele-radio şirkətinin qarşısında çadırların quraşdırılması ilə genişləndirməyə
söz verib. Bu gün parlament binası qarşısında 6 gündür davam edən əsas yürüş
zamanı müxalifət liderləri nitq söyləyib. Nümayişçilər prezident iqamətgahının
qarşısında da çadırlar qurub. Dövlət televiziyasını etiraz aksiyalarına məhəl
qoymamaqda ittiham edən yürüş iştirakçıları prezident Saakaşvili istefa verənə
kimi nümayişləri davam etdirəcəklərini bildiriblər. Minlərlə müxalifət
tərəfdarı keçən həftədən bəri etiraz aksiyası keçirir. Tənqidçilər prezidenti
Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionları ilə bağlı düzgün
siyasət yürütməməkdə və keçən ilin avqust ayında Rusiya ilə müharibəyə gətirib
çıxarmaqda ittiham edir.