Moskvada Xəzərin mübahisəli statusu müzakirə olunur

Moskvada Xəzərin hüquqi statusu haqda konvensiyanı hazırlayan beştərəfli işçi qrupunun iki günlük iclası işə başlayıb.

Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazağıstanın xarici işlər nazirlərinin müavinləri dənizin bölüşdürülməsi üzərində müzakirələri başa çatdırmağa çalışırlar.

Lakin fundamental məsələlərdə fikir ayrılığı hələ də qalmaqdadır.

Sayca 25-ci Xəzər dialoqunun rəsmi məqsədi kimi dənizin mübahisəli statusunu müəyyənləşdirməklə yanaşı, enerji təhlükəsizliyi və burada beynəlxalq əməkdaşlıq haqda fikir mübadiləsinin aparılması göstərilir.

Lakin Rusiya mətbuatının yazdığına görə, bugünkü görüşün əvvəlində daha çox Xəzərdəki siyasi-hüquqi vəziyyət haqda söhbət açılıb və açıq bildirilib ki, bəzi məqamlarda xəzəryanı ölkələrin fikirləri üst üstə düşmür.

Söhbət Xəzərin hüquqi statusunun təyini, dənizdə təhlükəsizlik mexanizminin təminindən gedir.

Rusiya Xarici İşlər Nazirliyi müzakirələrin detalları ilə bağlı hərtərəfli açıqlama vermir.
Bununla belə, yerli şərhçilər Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığın indiki halda Kreml üçün kifayət qədər aktual olduğunu bildirirlər.

Moskvadan enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Aleksandr Pıkayev Rusiyanın mövqeyini belə izah edir ki, söhbət xəzəryanı ölkələrin birgə qüvvələrinin yaradılmasından gedir.

Rusiyanın fikirincə, Kasfor adı ala biləcək bu qüvvələr ümumi təhlükələrə qarşı, məsələn, qaçaqmalçılıqla mübarizə aparmalıdır.

Xüsusi vurğu ona edilir ki, Xəzərdə təhlükəsizlik ancaq sahilboyu dövlətlər tərəfindən təmin olunmalıdır və buna görə də bu fikir Qərbdə mənfi qarşılanır.

O ki qaldı, status məsələsinə, Pıkayev bu yöndə müzakirələrə skeptik yanaşır. O, Amerikanın səsinə açıqlamasında bunları deyib:

“Məncə bu poblemin ssenarisi artıq çoxdan bəllidir. Sadəcə olaraq, problem 18 il əvvəl - xəzəryanı ölkələrdən 3-ü öz müstəqilliklərini elan etməsindən sonra böyüməyə başladı. Yəni bu ərazilər yeni dövlətlər üçün tanınmaz idi. Belə bir vəziyyətdə İran dənizin sabiq Sovetlər Birliyi ilə ortaq şəriki qismində öz yerini genişləndirməyə girişdi. Məsələ bundan ibarətdir. Ancaq hər kəs öz payını yaxşı bilir. Xəzərdə enerji layihələri icra olunur, kəmərlər çəkilir və sair və ilaxır. Beləliklə də indi ortalıqda dialoq üçün heç bir yenilik yoxdur. Əslində dialoq özü də yoxdur. Hamı rahatca işini görür və əlbəttə ki, heç kəs bu vəziyyətin dəyişməsini istəməz”.

Bugünkü görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ilə bağlı təkliflər verməyə hazırdır. Təşkilata Azərbaycan, Rusiya, İran, Qazağıstan və Türkmənistan daxil ola bilər.

Qurumun əsas fəaliyyət istiqaməti isə energetika, nəqliyyat, su bioresursları, maliyyə, sərmayə və ticarət sahəsində əməkdaşlıq ola bilər.

Bir sıra ekspertlər isə diqqəti buna yönəldirlər ki, Xəzər hövzəsində neft və qazın hasilatı da ildən ilə sürətlə artmaqdadır və məhz bu baxımdan bölgədəki enerji siyasəti, təhlükəsizlik məqamları və karbohidrogen ehtiyyatların daşınma yolları məsələsi xüsusi əhəmiyyət alır.

Cənab Lavrov öz çıxışında xüsusi olaraq nəql marşrutlarına toxunaraq, Rusiyanın yanaşmasını belə açıb ki, əməkdaşlıq ilk növbədə iqtisadi məqsədəuyğunluğa söykənməlidir, geosiyasi maraqlara, kimisə yan keçmək məqsədlərinə söykənməməlidir.

O bir daha bəyan edib ki, Xəzər seysmik zonadır və məhz ekoloji səbəbdən onun dibindən neft və qaz kəmərlərini tikmək olmaz.