Barak Obama Türkiyə səfərini başa vurdu

Birləşmiş Ştatlar prezidenti Barak Obama Türkiyəyə iki günlük səfərini Türkiyə gəncləri ilə görüşlə başa vurdu. Cənab Obama tələbələrlə görüşü zamanı Amerikanın müsəlman dünyası və ümumiyyətlə digər ölkələrlə yeni münasibətlər quracağına söz verdi. İstanbulun Mədəniyyət Mərkəzində keçirilən görüşdə prezident Obama hər bir ölkənin etdiyi kimi Birləşmiş Ştatların da səhvlərə yol verdiyini və müsəlman dünyası ilə ABŞ arasında münasibətlərin yenidən qurulacağını bir daha vurğuladı. Cənab Obama eləcə də onun administrasiyasının keçmiş administrasiyadan fərqli olduğunu dedi, amma əlavə etdi ki, xarici əlaqələr məsələlərində dəyişiklik bir gündə baş vermir. Türkiyəyə səfərinin son günü ABŞ prezidenti eləcə də müsəlman, xristian və yəhudi icmalarının liderləri ilə görüşmüş, Türkiyənin tarixi Aya Sofia muzeyinə və Göy Məscidə getmişdir.