Əhməd Ünal Çeviköz:  ‘Azərbaycanın hər hansı narahatlığına və şübhəsinə ehtiyac yoxdur’


ABŞ-la Türkiyə Qafqaz da daxil olmaqla, bir çox məsələlərdə ortaq hədəfləri bölüşürlər. Bunu Vaşinqtona səfərini başa vurmuş Türkiyə xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycanda sabiq səfiri olmuş Əhməd Ünal Çeviköz “Amerikanın Səsi”nin Türk xidmətinə verdiyi müsahibəsində bəyan edib.

Cənab Çeviköz bu həftə Vaşinqtonda ABŞ yetkililəri ilə yüksək səviyyəli təmaslar aparıb, prezident Barak Obamanın qarşıda Ankaraya gözlənilən səfərini müzakirə edib:

“Obamanın Türkiyə ziyarəti çox önəmlidir. Bu yaxınlarda dövlət katibi Hillari Klinton da Ankarada olarkən iki ölkənin münasibətinə dair geniş müzakirə aparıldı. O vaxt biz gördük ki, iki ölkənin çox vacib xarici siyasət hədəfləri var. Qarşıda İraq, Əfqaniıstan, Qafqaz və Rusiya ilə münasibətlərimiz də daxil olmaqla, bir çox məsələlərdə ortaq gündəmimiz var”, - deyə Türkiyə diplomatı vurğulayıb.

Türkiyənin Ermənistanla bağlı siyasətini şərh edən Çeviköz deyib ki, hər şey dünyanın gözü qabağında baş verir:

“Ötən il sentyabrın 6-da prezident Abdulla Gülün Yerevana ziyarətindən sonra iki ölkə arasında yüksək səviyyədə isti münasibətlər formalaşıb. Təkcə xarici işlər nazirləri 7 dəfə görüşüblər. Bütün bu görüşlərdə Türkiyə-Ermənistan münasibətlərini necə yaxşılaşdırmaq imkanları araşdırılıb. Biz əlaqələrin tezliklə normallaşmasına və bunun davamlı olmasına ümid edirirk. Bu istiqamətdə bəzi hazırlıqlar var və bu hazırlıqlar hər iki ölkənin xarici işlər nazirlərinin dəstəyi ilə yaxınlarda həyata keçiriləcək”.

Əhməd Ünal Çeviköz Ankara-Yerevan münasibətlərinə Azərbaycanın sərgilədiyi münasibəti belə şərh edib:

“Azərbaycan bölgədəki yaxın qonşumuz kimi, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasını yaxından izləyir. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında hələ də həllini tapmamış Qarabağ münaqişəsi var. Azərbaycanın bu prosesləri yaxından izləməsi çox təbiidir. Lakin, Azərbaycanın hər hansı narahatlığına və şübhəsinə ehtiyac yoxdur. Bu günə kimi olduğu kimi, bundan sonra da Türkyiənin Qarabağ probleminə münasibəti olduğu kimi davam edəcək və bunda heç bir dəyişiklik yoxdur. Əlbəttə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslər bir-birinə paralel şəkildə aparılır”.

Türkiyəli diplomat ölkəsinin regiondakı münaqişələrin həllində vasitəçi yox, asanlaşdırıcı rol oynadığını bildirib.

Belə ki, Ankara Əfqanıstan və Pakistan, İsraillə Fələstin liderlərinin təmaslarına imkan yaradıb, habelə İsrail-Suiya və Suriya-Livan dialoqlarında, eləcə də Avropa Birliyinin İranla təmaslarında asanlaşdırıcı rol oynayıb.

“Bütün bunlar hamının Türkiyəyə ertibarından qaynaqlanır”, - deyə Əhməd Ünal Çeviköz fikrini tamamlayıb.